Harold Pinter
Monoloq
(pyes)
İngilis dilindən tərcümə edəni Xəyalə Məmmədova
Boş, yarıqaranlıq otaq. Tənha kişi stulda
oturub. O tez-tez bir stuldan o birinə keçir.
Kişi. Deyəsən, bir azdan oyun otağına
gedəcəyəm. Pinq-ponq oynamağı çox sevirəm. Bəs sən? Oyunları xoşlayırsan? Döyüş
oyunlarını necə? Mən bütün çağırışlara, bütün zərbələrə hazıram. Yeri gəlmişkən,
sənin zirehli əlcəklərin haradadır?
Sükut.
Qara libasda çox cəsur görünürsən. Yeganə xoşuma gəlməyən şey sənin
simandır. Bənizin çox solğundur. Qara dəbilqən, qara saçların və qara libasınla
müqayisədə elə görünür elə bil kimsə səni bərk qorxudub. Nədənsə bərk
həyəcanlanmısan. Əlbəttə, heç vaxt motosikletçi olmaq istəməmisən. Bu, sənin
təbiətinə ziddir. Heç vaxt anlamamışam ki, nəyə can atırsan. Buna görə heç vaxt
mənimlə bərabər, mənimlə eyni səviyyədə ola bilməzsən. Sən bəlkə də zənci
olmalıydın, sifətin qara olmalı idi. Bəlkə onda nə isə edə bilərdin.
Sükut.
Məndə tez-tez elə təəssurat oyanır ki, siz ikiniz bacı qardaşsınız.
Yəni sizin aranızda nəsə bağlılıq var. Xarakterinizdəki çox oxşarlıq,
danışığınızdakı ehkamlar. Amma əlbəttə o zəncidir və həyatı daha çox sevir.
Sükut.
Biz ikimiz də həmçinin. Hava şəraitinə baxmayaraq oyun oynamağa,
parkda bir az gəzib söhbət etməyə və yaxud lançdan öncə bir az məşq etməyə hazır
olmuşuq. Heç zaman ağır öhdəliklərimiz olmayıb.
Sükut.
Mən bu cür şeyləri xoşlayıram. Yəni bu cür söhbətləri, dəyişiklikləri,
xatirələri.
Sükut.
Hərdən elə fikirləşirəm ki, o zənci qızı unutmusan. Hərdən də
düşünürəm ki, məni də tamamilə yaddan çıxarmısan.
Sükut.
2
Məni unutmamısan. Sənin ən yaxın və ən etibarli yoldaşın kim olub?
Düzdür, sən məni Uebster və Tornerə təqdim etdin. Ancaq kim səni Tristan
Tzaraya, Bretona, Qiasomettiyə və
digər yerlərə apardı? Hələ Luis Ferdinand Seini demirəm. Kim sənə hazır
konservlər gətirirdi? Mən sənin ən yaxın dostunam və bunu həmişə sübut edəcəyəm.
Sənə görə mən yenə də hər şeyə hazıram.
Sükut.
İndi deyəcəksən ki, sən onun ruhunu, mən isə, bədənini sevmişəm.
Bilirəm ki, sən daha gözəl, daha diqqətcil olmusan. Bunu bilirəm. Amma sənə bir
şey deyəcəyəm ki, bunu bilmirsən. O, mənim ruhumu sevirdi. Onun sevdiyi mənim
ruhum idi.
Sükut.
Sən heç vaxt deyə bilməzsən, nəyə hazırsan. Sən heç pinq-ponq oynamağa
belə hazır deyilsən. Sən heç özün də bilmirsən ki, nəyi bacarırsan. Bəs hanı
sənin şirin yalanların? Nəyə görə heç nə bacarmırsan? Düzünü deyəcəyəm. Həmişə
elə hərəkət edirsən ki, elə bil ölüsən. O sevimli zənci qadın heç vaxt olmayıb.
Yağışın yerə düşüb quruduğu kimi, bizim intellektual, idman həyatımızın olmadığı
kimi, o da olmayıb.
Sükut.
Qadın yorğun idi. Otrmuşdu. Çox yorğun idi. Səyahət. Havanın necə
olacağını heç vaxt qabaqcadan demək olmur. O, yun paltar geyinmişdi. Çünki səhər
hava sərin idi. Ancaq günorta hava çox dəyişdi. O qışqırdı və sən elə atıldın
ki, elə bil... adını untdum. Qutudakı meymun kimi. Onun əlindən tutdun, çay
hazırladın. Çox bərk qışqırıq idi. Ola bilsin havanın dəyişməsi sənə çox təsir
etmişdi.
Sükut.
Mən onun bədənini sevirdim. Onsuz da bu elə böyük əhəmiyyət daşımır.
Məndə olan ağrılar... Kimin vecinədir ki?
Sükut.
Yaxşı... o... ola bilsin...
Sükut.
Biz biri-birimizin əlindən tutub yaşıl otların arası ilə, körpünün
üstü ilə gəzirdik. Çayın qırağındakı bir kafedə açıq havada oturmuşduq.
Sükut.
3
Kimsə bizi görmüşdü? Kimsənin bizə baxdığını gördün?
Sükut.
O dedi ki, onun bədəninə toxunasan. Sən də elə etdin. Əlbəttə etdin.
Əgər belə etməsəydin axmaq olardın. Bu normal haldır.
Sükut.
Əlbəttə belə də olmalıydı.
Sükut.
Mən onu gətirmişdim ki, səni görsün. Sən təbii olaraq Nottinq Hill
Qeytdə yaşamaq istəmədin. Onların hamısı orada idi. Mən heç vaxt Parkın o biri
tərəfində olmaq istəməzdim.
Sükut.
Yanında valsəsləndirici əyləşirsən, fikrə gedirsən, Bethovenə qulaq
asırsan. Kakao içirsən, ətrafında pişiklər. Həqiqətən də qeyd ediləsi haldır.
Sənin bölmən təhlükəli zonada idi. Əlbəttə ki, bunu əlimin içi kimi yaxşı
bilirdim. Zənci sevgilim tələyə düşdü. Həmin işıqda, sənin azacıq tutqun, sərt
baxışların altında onun dili dolaşdı. Ancaq bu reallıqdır. Susmaq qızıldır.
Sükut.
Mən isə həmişə sadə məhəbbət səhnələrini xoşlamışam. Paddinqton
Stansiyasında sevgi dolu vidalaşmaları. Onun zərif yanağı mənə daha yaxın idi.
Onun geydiyi isti libası hələ də mənim yadımdadır. Onun əlləri. Stansiyada
qatarın səsi insanı daha da yaxınlaşdırır. O, mənə diqqətlə baxırdı və mən də
onun əllərindən tutdum.
Sükut.
Mən sənin əvəzinə hər şeyi duyurdum. Baxmayaraq ki, sən heç nə hiss
etmirdin.
Sükut.
Öz-özümə düşünürdüm. İndi mən daha gümraham, nəinki iyirmi yaşında
olanda. İyirmi yaşım olanda, günün iyirmi dörd saatını yatırdım. Ancaq indi daha
gümraham. Günün hər saniyəsini daha gümrah, daha xöşbəxt yaşamaq istəyirəm. İndi
hamıdan öndəyəm. Şüarım praqmatik olmaqdır. Deyəcəksən ki,
bütün gecə başqa heç nədən danışmamışam. Ancaq öz axmaqlığını başa düşə
bilmirsən. Sən, bu ehkamları, istehzanı
4
anlaya bilmirsən? Axmaq olsan belə, seçdiyim sözlər elə sadədir ki,
oradaki ehkamları anlayacaqsan!
Sükut.
İndi şahidi olduğun azadlıqdır. Artıq müqədəs mərasimlərdə iştirak
etmirəm. Artıq matəm qurtardı.
Sükut.
Sifətin qara olmalı idi, bu sənin səhvindir. Bundan narahat olmalısan.
Bu haqda kitabda yazmalısan. Sənin indi iki zənci övladın olmalı idi.
Sükut.
Onları çox sevərdim.
Sükut.
Onların dayısı olardım.
Sükut.
Onların dayısıyam.
Sükut.
Sənin uşaqlarının dayısıyam.
Sükut.
Onları gəzməyə aparacağam, onlara gülməli əhvalatlar danışacağam.
Sükut.
Sənin uşaqlarını çox sevirəm.
Kişi bir anlıq dayanır və fikrə gedir, sonra
stuldan qalxır və asta hərəkətlərlə otaqda gəzişir.
SON.