Prof. Ə.B.Qubatov,

 N.A.Baxşıyeva

                                                                           Azərbaycan Dillər Universiteti

        

Realilər, leksik-semantik xüsusiyyətləri və tərcüməsi

 

         Realilər xalq dili sözləri olub, coğrafi mühitə, mədəniyyətə, maddi məişətə, yaxud xalqa, millətə, ölkəyə aid əşya, anlayış və hadisələrin adlarıdır, yerli və tarixi koloritin daşıyıcılarıdır. Bu leksik vahidlərin başqa dillərdə qarşılığı yoxdur.

         Realilərin milli mənsubiyyəti olur, hansı xalqın dilində yaranıbsa, o xalqa da mənsub olur. Başqa xalqların dillərinə ədəbiyyat və kütləvi informasiya vasitəsilə daxil olur. Həmin realilər işləndikləri dillərdə ya müvəqqəti, ya da həmişəlik yaşayırlar, alınma söz kimi o dilləri zənginləşdirirlər.

         Tea Şippan realiləri “Bezeichnungexotismen” adlandıraraq onların başqa ölkədə yarandığı kimi işlədilməsini qeyd etmişdir.

         Q.V. Çernov milli koloritli vahidləri “ekzotik” sözlər kimi qeyd edir. A.D. Şveyser isə bu tipli sözləri “ekvivalentsiz leksika” adlandırır.

         Repinə görə ədəbi-bədii əsərlərdə sözlər obrazlı funksiya daşıyır. S.Marşaka görə, sözlər təkcə onların mənaları ilə deyil, samit, saitlə, bütünlükdə kütləsi və rəngarəngliyi ilə, tarixi epoxanın məişəti xatırladan hisslərilə verilir. Reali sözlər burada xüsusi məna kəsb edir.

         A.V. Fyodorov yalnız yerli xalqa məxsus, digər xalqların məişətində mövcud olmayan milli xüsusiyyətli sözləri realilər adlandırmışdır.

         Realini söz-leksik vahid hesab edən müəlliflər də vardır. E.M. Vereşaqinin fikrincə, nominativ sözbirləşməsi əslində semantik cəhətdən bərabər yüklü sözlərin birləşməsidir ki, reali rolunda çıxış edir. (2.səh.71)

         Realilərin başqa bir forması ixtisarlardır (abreviatura). Onların realilərin tərkibinə daxil edilməsi, əlbəttə, məntiqidir. Bu ixtisarlar çoxlu leksik vahidləri özündə birləşdirən hər hansı bir sahəyə aid təkcə ad yox, eyni zamanda məzmun daşıyıcılarıdır. Nominativ birləşmə hesab edilən belə ixtisarlar əslində söz kimi anlaşılır. Məsələn, YUNESCO, ZAQS və s.

         Realilərin formasına gəldikdə, nəzərdə fonetik və qrafik forma tutulur. Transkripsiya, daha doğrusu, transliterasiya realinin tələffüzünü tərcümə dilində imkan qədər orijinal mətndəki tələffüzə daha yaxın, maksimum oxşar formada saxlamağı nəzərdə tutur.

         Alınma realilərin forması məsələsinin həllinə gəldikdə, bu məsələ realinin tərcümə dilinə məxsus lüğətdə olub-olmamasından çox asılıdır. Çünki lüğət realiləri tərcümə dilinin leksik tərkibinə daxildir, deməli, artıq müəyyən formaya malikdir, bu dilin orfoqrafik və fonetik qaydaları ilə möhkəmlənib. Bununla belə, bu qəbildən olan realilər, yəni alınma realilər tərcümə dilinin öz doğma realilərindən az-çox fərqlənə bilər. Bu da təbii hesab edilir. Çünki belə realilər müxtəlif dillərin fonetik qaydalarına tabe olan vahidlərdir.

         Bədii ifadənin dilçilik vasitəsi kimi realilər dil vahidləri hesab edilir və onlardan istər yazıçılar, istər orijinal bədii əsərlərin müəllifləri, eləcə də tərcüməçilər eyni dərəcədə istifadə edirlər. Realiləri biz dil vahidləri kimi qəbul edərkən onları şərti olaraq “öz” və “özgə” realilərə bölmək məcburiyyəti qarşısında qalırıq. “Öz realiləri” hər hansı bir konkret dilə aid realilərdir. Azərbaycan dilində “kəndxuda”, “onbaşı”, rus dilində “boyarın”, “samovar”, “sovet” və s.

          “Özgə realiləri”- bunlar alınma realilərdir, daha doğrusu, əcnəbi mənşəli sözləri ya “kalkaları”, ya da əcnəbi mənşəli əşya adlarının hərfi tərcüməsi yolu ilə dilin lüğət tərkibində özünü möhkəmlətmiş sözlərdir. Bunlara misal olaraq rumın sözü “brınza” çox dildə, o cümlədən Azərbaycan dilində də işlədilir və anlaşılır. Amerikanların “biznes” sözü, rusların “sputnik” sözü belələrindəndir.

         Yad realilər tərcümə dilinə daxil olan kimi mühitə yavaş-yavaş uyğunlaşır, təzə şəraitə düşsə də özünü doğma mühitdəki kimi hiss edir, doğma dilin realilərinin istifadə etdiyi bütün imtiyazlardan o da istifadə edir. O da ismin hallarını qəbul edir, onlar kimi dəyişir.

         Lakin bəzi gəlmə realilər özünün ilkin formasını saxlaya bilmir, düşdüyü yeni mühitdə təhrif olunur, əsassız olaraq yeni dilin qrammatik, sintaktik qanunlarına tabe etdirilir. Məsələn, türk mənşəli “ağa” və “para” sözlərində olduğu kimi. Aşağıdakı cümləyə diqqət yetirək:

         «А мне папа дал пять пар». “Para” sözü (pul) rus dilindəki «пары» (cüt) sözü ilə eyniləşdirilmişdir.

         Realilərin qrammatik forması ilk növbədə onların hansı nitq hissəsinə aid olmasının müəyyənləşdirilməsi, hansı qrammatik kateqoriyaya mənsubluğu, növ yaratma (forma yaratma) imkanı ilə bağlıdır. İndiyə qədər aparılan müşahidələr göstərir ki, realilər nitq hissəsinə aidiyyatı olan bir üzv olaraq terminlər kimi əksər hallarda isim olurlar. Fikrimizin təsdiqinə sübut olaraq N.V. Qoqolun yalnız isimlərdən ibarət olan lüğətini, Y. Kavabatanın (Kavabata Y. Minqanadlı durna. M., Proqress, 1971) əsərləri toplusuna yazılmış əlavə şərhi göstərə bilərik. Bu ona dəlalət edir ki, realilər leksikanın xüsusi bir şöbəsidir.

Realilər milli koloriti daha aydın əks etdirən sahədir. Kolorit adətən ədəbiyyata, bədii tərcümələrə şamil edilir.

         Burada əsas məqsəd mədəniyyətlərin özülünü təşkil edən milli kolritli sözlərin Qərb və Şərq ədəbiyyatında qarşılıqlı transformasiya imkanlarının araşdırılmasından ibarətdir. Belə bir məqsəd tədqiqatın qarşısında milli koloritli leksikanın, ilk öncə də onun semantik yükünün müəyyənləşdirilməsini və transformasiya imkanlarını qoymuşdur. Məqalədə dilin lüğət tərkibində özünəməmxsus yer tutan, qarşı dildə xüsusi ekvivalenti olmayan və milli kolorit təşkil edən leksik vahidlərin ötürülməsinin araşdırılması, onların müqayisəli şəkildə qarşılaşdırılması və təhlili əsas vəzifələrdən birini təşkil edir.

         Hər bir mədəniyyətin öz çərçivəsinə uyğun olaraq özünün çoxsaylı milli-spesifik realiləri mövcuddur. Məhz bu realilər məişətə, insanın mənəvi həyatına, dünyəvi təbiətə uyğun olaraq müxtəlif qruplara bölünə bilərlər.

         Realilər coğrafi və etnoqrafik, folklor və mifoloji anlayışlar, məişət, ictimai və tarixi anlamda bir sıra leksik – semantik qruplara bölünür. Onomastik vahidlər-xüsusi adlar da leksik – semantik qruplara bölünür. İnsan adları, coğrafi adlar, şəhər adları, qəzet və jurnal adları, gəmi və təyyarə adları, firma və şirkət adları.

         Qurban Səidin “Əli və Nino” əsərinin həm alman dilindəki, həm də Azərbaycan dilinə tərcümə variantlarından götürülmüş misalların müqayisəli təhlili göstərir ki,  insan adları, coğrafi, şəhər, qəzet, jurnal və s. adlar müəyyən fonetik dəyişikliyə məruz qalır.

         „…einem Vers von Firdausi oder einem Weisheitsspruch von Saadi…“ (S.9)

         “...Firdovsinin bir beyti, yaxud Səədinin müdrik bir kəlamı...” (s.9)

         „Sein breiter Bart war mit Henna gefärbt…“ (S.12)

         Saqqalına həna qoydurmuşdu. (s.11)

         Realilərin adlarını tərcüməsinin dörd halda mümkünlüyünü müşahidə etmək olar (3 səh.150)

I Transliterasiya və transkripsiya- verilmiş realilərin tərcümə olunmuş dilə uyğun şəkildə hərflərlə verilməsidir.

II Perifrastik, təsviri- dildə mövcud olan elementlərin köməyi ilə verilmiş realilərin yeni və ya mürəkkəb sözlərlə veriləmsi

III Funksiyasına görə bir qədər realilərə yaxın olan sözlərin köməyi ilə verilməsi

IV Hiponomik- realilərin tərcüməsinə qismən yaxın olan tərcümə.

         Transliterasiyadan tez-tez ictimai-siyasi, məişət əşyalarının və iş yerlərində olan danışıqların tərcüməsində istifadə olunur. Bu növ ötürülmə geniş yayıldığı kimi də, dillərdə dərin izlər qoyur. Məsələn ingilis dilində işlənən “mer”, “lendlor”, alman dilində “Morgen” sözləri. Transliterasiyadan o zaman istifadə olunur ki, orijinaldakı sözün mənasının leksik lakonikliyinə fikir verilsin və əgər dildə həmin sözün tərcüməsinə uyğun söz yoxdursa.

         Transliterasiya üsulunun heç də həmişə əlverişli olmaması ilə yanaşı, bunu da qeyd etmək lazımdır ki, əgər milli koloritli leksik vahidin ifadə etdiyi məna hamı üçün anlaşıqlıdırsa, bu üsul əlverişli üsula çevrilir. Məsələn, “Allah” sözünün alman dilində öz tam tərcüməsinin olmasına baxmayaraq (Gott), çox vaxt məhz hamı tərəfindən anlaşılan bu sözdən istifadə edilir:

         Der Onkel war sehr erstaunt. „Allah, Allah!“ sagte er und presste besorgt die Lippen zusammen („Ali und Nino“, S.13)

         Əmim bərk heyrətləndi- Allah, Allah, deyib dodaqlarını qayğılı- qayğılı bir-birinə sıxdı. (“Əli və Nino”, s. 12)

         Ümumiyyətlə tərcümə təcrübəsində bütün dörd növ bir-biri ilə əlaqəli şəkildə mövcud olur.

         Ədəbiyyatda xüsusi semantikası olan adların tərcüməsində tərcüməçi mütləq qaydalara riayət etməlidir. Məşhur coğrafi adların, tarixi şəxsiyyətlərin adlarının ötürülməsi transliterasiya, amma nisbətən məşhur olmayan adalrın ötürülməsi isə (küçə, bina adları) tərcümə yolu ilə aparılır.

         Bu sözlərdə hissəciklərin artırılması və ya ixtisar olunması tərcüməçinin  üslubundan asılıdır.

         Dillərdə olan əlifbanın müxtəlifliyinə görə heç də həmişə adların transliterasiyası üst-üstə düşmür. Məsələn, Şərq ədəbiyyatı ilə Qərb ədəbiyyatının əlifbası tamamilə fərqləndiyindən transliterasiyalar həmişə uğurlu alınmır.

         Lakin hər yerdə məşhur olan adların transliterasiyasına gəldikdə, tərcüməçi məcburi halda sözləri öz əlifbasına uyğun transliterasiya edir.

Məsələn: Folgrichtig hatten also die Jungturken auf Arabien, Palastine, Syrien, Mesopotamien, Ägypten verzichten müssen (6 səh.88)

Deməli, məntiq etibarilə gənc türklər Ərəbistandan, Fələstindən, Suriyadan, Mesopotamiyadan, Misirdən imtina etməli etməli idilər. (7 səh.90)

         Alman dilində mövcud olan milli koloritli leksik vahidlərin Azərbaycan dilinə ötürülməsində transkripsiya və ya transliterasiya üsullarından istifadə etmək mümkün olmadıqda tərcümə üsulundan istifadə edilir.

         İlk dəfə tərcümə mətnində transliterasiya olunmuş söz haqqında tərcüməçi oxucuya məlumat verməlidir. Amma xarici mənşəli sözün imkanları bu şərhə əsasən təyin olunmur. Sözün mənası kontekstə görə tam açılmasa da, hər halda bu kontekst predmet haqqında müəyyən qədər təsəvvür yaradır. Şərq dillərindən olan müasir tərcümələrdə tez-tez sözlərin transliterasiyasına rast gəlinir, xüsusən də söhbət əşya və hadisələrrdən gedərsə.

         Spesifik realiləri ifadə edən sözlərin ötürülməsinin ikinci yoluna və həmçinin dəqiq olaraq yeni söz və söz birləşməsinin yaradılmasına dildə az-az rast gəlinir.

         Beynəlxalq reali ifadə edən sözlərin ötürülməsinin üçüncü yolu isə həmin sözə mənaca yaxın olan ana dilindəki sözlərin istifadəsidir. Belə yolun istifadəsi dildə bu cür sözlərin köməkliyi ilə sinonimlik yarada bilər. Məsələn, fransız dilindəki “monsieur”, “madame” sözləri ingilis dilində “sir” və “miss2, alman dilində “Herr” və “Frau” kimi tərcümə olunur.

         Göstərdiyimiz misallara əsasən, belə bir nəticəyə gəlmək olar ki, bu cür tərcümə dildə bir növ adət halına keçir. Başqa bir yöndən dövlətin həyatını əks etdirən, tərcümə olunacaq söz reali sözlərin bir xalqdan digər xalqa tam şəkildə keçməsini həyata keçirə bilmir.

         Transliterasiya vasitəsilə realilərin dilimizə daxil olması böyük vüsət alıb. Bu realilərə həm tərcümə əsərlərində, həm də bədii, publisistik, elmi səpkidə yazılmış orijinal əsərlərdə rast gəlmək olar. Aşağıdakı əcnəbi sözlər dediklərimizə misal ola bilər: “ser”, “miss”, ”mer”, “spiker” və s.

         Əgər transliterasiya yolu ilə verilən reali çox nadir hallarda və ya ilk dəfə işlədilirsə (başqa dilə ilk dəfə tərcümə edilirsə) onda münasib kontekstdə izahat verməyə ehtiyac duyulur. “Ağa”, “aşıq” sözləri rus oxucusuna az da olsa məlumdur. Lakin elə realilər də vardır ki, onlar Azərbaycan milli koloritinin daşıyıcıları kimi ilk dəfə işlədilir. Belə hallarda bu sözlərə, məsələn, “avtafa”, “lavaş”, “buxara” kimi realilərə geniş izahat verilməsi lazım gəlir.

         Bəzi hallarda orijinaldakı realiyə münasib ekvivalent olmadıqda həmin reali cüzi fonetik və orfoqrafik dəyişikliklər etməklə saxlanılır. Məsələn, Azərbaycan dilində işlənən “əncir” sözü rus dilində “injir” kimi ifadə olunur və bütün ruslar tərəfindən anlaşılır.

         Bəzən realilərin “özününküləşdirilməsi” ətrafında düşünməyə dəyər. Belə ki, bir xalqa aid, eyni millətin, eyni coğrafi vahidin spesifik xüsusiyyətlərini özündə əks etdirən bir reali, əsasən xüsusi adlar başqa dilə tərcümə üçün məqbul sayıla bilməz. Məsələn, Henneke almanlar üçün, Staxanov ruslar üçün əmək məhsuldarlığını artırmağı qarşısına məqsəd qoymuş böyük kütləvi bir hərəkatın başçısı, ilhamverici olmuşdur. Orijinalda olan bu adlardan biri (hər hansı biri) tərcümə dili üçün yararsız hesab edilməli Staxanov (rus dilindən alman dilinə tərcümə edilərsə) Henneke ilə əvəz edilə bilər. Almancadan Azərbaycan dilinə tərcümədə Henneke əvəzinə Şamama Həsənova, neftçi Qurban və başqalarının adını qeyd etməklə milli oxucuya kömək etmiş oluruq. Axı Azərbaycan oxucusu Hennekeni tanımır, bu şəxs haqda məlumatı yoxdur. Belə olan tərzdə əlavə çətinliyin yaradılmasına lüzum da yoxdur.  Hər iki dildəki personajların əməlləri, niyyət və məramları eynidir və məhsuldarlığı artırmaq olduğundan biri digəri ilə əvəz edilə bilər. Staxanov Azərbaycan gerçəkliyi üçün məqbul deyil, o rus koloritidir. Bizim məqsədimiz isə tərcümədə ayrı-ayrı sözləri yox, fikri, əsas ideyanı qoruyub saxlamaqdır. Bu əmək adamları lokal və regional faktorlarla bilavasitə bağlıdırlar. Sözlərin tərcüməsində məlum anafogiyadan çıxış etməklə, ilk növbədə milli cəhətdən spesifik, tarixi, coğrafi və mədəniyyətə aid xüsusi adları, yer adlarını, xüsusilə semantik mənası olan yer adlarını həm tərcümə etmək, həm də transliterasiya yolu ilə saxlamaq da olar.

         Realilərin tərcümədə verilməsinin başqa bir üsulu texnika, elm, mədəniyyətin inkişafı ilə bağlı yaranan realilərdir. Belə hallarda adətən tərcümənin iki variantından istifadə olunur: 1) yeni yaranmış söz- reali özünün bütün doğma xüsusiyyətləri ilə dillərə keçir və orada vətəndaşlıq hüququ qazanaraq daxil olduğu dil üçün də doğmalaşır. Məsələn, “sputnik” sözü özünün bütün  xüsusiyyətlərini (tələffüzünü, yazılışını) saxlamaqla dünyanın bir çox dillərində işlənir. Bəzi realilər isə yaranmış yeni cihazın adını, onun icra etdiyi işin mahiyyətinə görə, daşımaqla xarici dillərə sözbəsöz (hərfi) tərcümə edilir. Məsələn, rusların işlətdiyi “pılesos” Azərbaycan dilinə sözbəsöz tərcümə edilib və hamı tərəfindən məqbul qarşılanıb və geniş miqyasda işlənir, anlaşılır – “tozsoran”, istər rus, istərsə də Azərbaycan dilində bu mürəkkəb söz iki sadə söz –“toz” və “sormaq” sözlərindən yaranıb və vahid anlayış ifadə edərək birlikdə yazılır.

         Qəzet adlarına gəldikdə isə burada tərcümə baxımından qəribə bir mənzərənin şahidi oluruq. Belə ki, qəzet adları bir qayda olaraq semantik məna daşıdıqları halda və onları bir dildən başqa dilə tərcümə etmək asan olsa da, tərcümə aləmində bu adları transliterasiya üsulu ilə saxlamağı üstün tuturlar. Məsələn, “Deyli Uorker”, “Frankfurter Allgemeine Zeitung”, “Humanite” olduğu kimi saxlanılır və mənsub olduqları dillərin koloritinin daşıyıcıları kimi işlədilir. Hər cür transliterasiya fonetik cəhətdən şərtidir. Belə ki, qəzet adları bəzən tərcümə dilinin qrafikasını qəbul edir, bəzən isə mənsub olduğu dilin qrafikasını saxlayır.

         Deyilənlərdən belə qənaətə gəlmək olar ki, xüsusi adların tərcüməsində (söhbət semantik məna verən adlardan gedir) düzgün mövqe tutmaq üçün tərcüməçi bu sözlərin ona qədər yazılışı ənənəsinə riayət etməlidir. Hətta bəzən iki, üç formada yazılan sözlərdə belə, tərcüməçi onlardan birini, ənənəvi yazılışı götürməlidir.

         Tərcümədə sinonimlik məsələsi bu və ya digər ölkəyə və konkret xalqa məxsus spesifik söz və ifadələrin, xüsusilə ictimai həyat və ailə- məişət mövzusunda terminlərin, necə deyərlər, realilərin verilməsi baxımından həll edilməmiş məsələ kimi qalmaqdadır. Söhbət burada elə anlayışdan, elə əşyadan gedir ki, onu söz və sözbirləşməsi ilə yox, təsviri yolla, bəzən əlavə izhatlarla verdikdə mahiyyət anlaşılır. Bəzən hətta tərcümə dilində münasib variant da tapırsan, lakin bu variantın orijinala tam adekvat olmasına tərəddüd edirsən və hiss edirsən ki, hansı səviyyədəsə tarazlıq itir. Bu onunla bağlıdır ki, belə realilər özünün ailə- məişət xarakterinə görə terminoloji çalarlardan, stilistik əlamətlərdən bir qayda olaraq məhrum olur.

         Der Harem meines Onkels ist im Begriff, in die Heimat abzureisen“. („Ali und Nino“, S. 29)

         Əmimin hərəmxanası vətənə dönmək fikrindədir. (“Əli və Nino” s.26)

         Ich sprach mit dem Mullah von der Taza-Pir-Moschee. („Ali und Nino“, S. 72)

         Təzə Pir məscidinin mollasıyla söhbət edirdik. (“Əli və Nino” s.70)

         Schah verwüstete den Osten, der Sultan den Westen. („Ali und Nino“, S. 81)

         Şah Şərqi, Sultan da Qərbi viranə qoydu. (“Əli və Nino” s.79)

         Das Blut Turans fließt in unsere beiden Adern. („Ali und Nino“, S. 87)

         -Seyid, - dedim, - türklər öz soyumuzdur… (“Əli və Nino” s.85)

         Məlumdur ki, adekvat tərcümə üçün vacib şərtlərdən biri də mütərcimin orijinalda təsvir olunan milli varlığı, xalqın milli xüsusiyyətlərini, dini baxişlarını, adət-ənənəsini dərindən öyrənməsidir.

         „Im Monat Ramadan“ sagte der Grimmige, „gibt es eine geheimnisvolle Nacht, die Nacht Kadir“. („Ali und Nino“, S. 45)

         - Ramazan ayında, - acıqlı aşıq dedi, sirli bir gecə var, Qədr Gecəsi. (“Əli və Nino” s.43)

         Ali, Fatima und Eva, die erste Frau, wandern über die Bühne und singen vierstrophige Rubayats. („Ali und Nino“, S. 77)

         Əli, Fatimə və dünyanın ilk qadını Həvva səhnədə gəzişib dörd sətirlik rübailər oxuyurlar. (“Əli və Nino” s.75)

         Am heiligen Trauertage des 10. Moharrem zerfetzte er die Haut an seiner Brust bis aufs Blut. („Ali und Nino“, S. 85)

         Məhərrəm ayının müqəddəs aşura günündə, o, sinəsindəki dərini qanı çıxanadək cırıq-cırıq edirdi. (“Əli və Nino” s.83)

         Təbiidir ki, hər xalqa məxsus milli geyim formaları, milli paltar adları mövcuddur. Tərcümədə belə geyim adlarının verilməsi adətən ciddi çətinliklər törədir. Lakin bütün dünya xalqları tərəfindən eyni səviyyədə qəbul edilən bəzi geyim adlarının verilməsi adətən ciddi çətinliklər törədir. Lakin bütün dünya xalqları tərəfindən eyni səviyyədə qəbul edilən bəzi geyim adlarının tərcüməsi isə bir qayda olaraq çətinlik yaratmır. Məsələn, ayaqqabı, əlcək, şalvar və s.

         Lakin elə geyim adları da var ki, onlar tərcümə dilində olduğu kimi verilir:

         Über Kopf und Antlitz trugen die Frauen einen schwarzen Schleier, den sie mit der Hand unter dem „Dschador“, der Kapure, festhielten, so dass nur die Augen und ein Stück Nase unter dem Augenschirm hervorsahen, der den Schleier etwas vom Gesicht weghielt. („Mohammed“, S.260)

         Başlarına və üzlərinə qara çadra örtürdülər, onu da əlləri ilə “çadorun” altında bərk-bərk tutub saxlayırdılar ki, çadranın üzdən bir az aralı saxlayan göz günlüyünün altından gözləri və burunlarının ucu görsənsin. (“Son Peyğəmbər”, s.267)

         Bütün qitələr, eləcə də regionlar üçün səciyyəvi olan quş və heyvanlar reali ola bilməz. Məsələn, “sərçə”, “qaz”, “ördək”, “canavar”, “tülkü” və s. təxminən bütün ölkələrdə var. Elə quş və heyvanlar da vardır ki, onlar yalnız bu və ya digər region üçün səciyyəvi sayılır. Məsələn, dəvə, fil, meymun turac, qırqovul və s. birmənalı demək olar ki, onlar bütün regionların sakinləri deyildir. Yalnız bir və bəzən bir neçə regionda yaşayan bu heyvan və quşlar yaşadıqları zonanın özünəməxsusluğudur, realiləridir. Məsələn, “turac” və “qırqovul” əyyami-qədimdən Azərbaycan ərazisində sakin olmuş quşlardır və onlar bu regionun milli koloritinin daşıyıcılarıdır. Hələ böyük Nizaminin əsərlərində biz “turac” və “qırqovul” adlarına rast gəlirik.

                                      “Eşitsən turac və qırqovul səsi

                                       Boş qalmaz sərvlə söyüd kölgəsi.”

         Tərcümə olunan əsərlərdə işlənən realilər dilin leksik sistemində xüsusi yer tutur. Tərcümə ədəbiyyatında işlənərək həmin tərcümənin mənsub olduğu dilin lüğət tərkibini zənginləşdirir, əsərin mənsub olduğu xalqın adət-ənənələri, milli koloriti, geyim tərzi, dini mərasimləri haqqında geniş məlumat verir, əsərin mövzusunun bağlı olduğu dövr haqqında, həmin dövrün tarixi xüsusiyyətləri, sosial-iqtisadi münasibətləri haqqında oxucuda geniş təsəvvür yaradır.        

 

 

 

 

 

 

 

ƏDƏBİYYAT SİYAHISI.

 

1.     T. Schippan. Lexikologie der deutschen Gegenwartssprache. Bibliographisches Institut. Leipzig, 1984

2.     Е.М. Верещагин, В. Г. Костомаров. Язык и культура. Изд.2-ое. М., Русский язык, 1976

3.     А.В. Федоров. Основы общей теории перевода. М., 1983

4.     Kurban SaidAli undNino“. Berlin, 1937

5.     Qurban Səid “Əli və Nino”. Bakı, 2006

6.     Essad Bey. Mohammed. Berlin, 2002

7.     Məhəmməd Əsəd Bəy. Son Peyğəmbər. Bakı 2004

8.     Essad Bey. Öl und Blut im Orient. Leipzig, 1929

9.     Məhəmməd Əsəd Bəy. Şərqdə neft və qan. Alman dilindən çevirəni Çərkəz Qurbanlı. Bakı 2003