Prof. Ə.B.Qubatov

             Azərbaycan Dillər Universiteti

 

ALMAN DİLİNDƏN AZƏRBAYCAN DİLİNƏ POETİK

TƏRCÜMƏNİN MÜHÜM XÜSUSİYYƏTLƏRİ

 

Dünya xalqlarını yaxınlaşdıran, onların qəlbinə yol tapan və mənəvi cəhətdən zənginləşdirən vasitələrdən biri də müxtəlif xalqların ədəbiyyatlarından edilən tərcümələrdir. Xalqlar məhz tərcümə ədəbiyyatları vasitəsilə bir-birlərinin tarixi, adət-ənənəsi, mədəniyyəti ilə tanış ola bilir, söz ustalarının ölməz əsərlərini öz doğma dillərində oxumağa imkan tapırlar.

Müəyyən bir dildə yaradılmış sənət inciləri başqa dillərin daşıyıcıları üçün də maddi-mənəvi abidəyə çevrilir, onun bədii-estetik dəyəri dar arealda deyil, geniş miqyasda yayılır.

Məhz tərcümə sayəsində hər bir milli mədəniyyət öz ölkəsinin hüdudlarından kənara çıxır. Milli məlumatlar özlərinin ilkin dil varlığından çıxaraq başqa dillərdə danışan insanlar üçün də başa düşülən olur, onların mənəvi həyatına daxil olur və beləliklə də, xalqların bir-birini anlaması və mənəvi cəhətdən zənginləşməsi prosesi baş verir.

Sənətkar oxucusuna çatdırmaq istədiyi əsəri müəyyən bir dildə yazır, lakin ümumbəşəri mahiyyət daşıyan ədəbiyyat dövlət sərhədləri, milli areal tanımır, hər cür sərhəd və sədləri aşaraq hamının malına çevrilir.

Müxtəlif dövrlərdə müxtəlif alim və filosoflar  tərcümə işinə yüksək qiymət vermiş, mədəni əlaqələrin inkişafında onun əvəzsiz rolunu qeyd etmişlər.

Təsadüfi deyil ki, M.İbrahimov tərcüməni «bəşəriyyət tarixində xalqları bir-birinə bağlayan mənəvi körpü» adlandırmışdır. (M.İbrahimov. «Tərcümə sənəti» kitabına müqəddimə. Bakı, 1990)

Dünya şöhrəti qazanmış dahi alman mütəfəkkiri Y.V.Göte bədii tərcümə etməklə yanaşı, onun nəzəriyyəsi ilə də məşğul olmuşdur. Göte tərcümənin dilə təsirini qeyd edərkən onu (tərcüməni) dili təmizləyən və zənginləşdirən  vasitə sayırdı.

Məlumdur ki, bədii tərcümə öz mürəkkəbliyinə və əhatə dairəsinə görə tərcümənin digər növlərindən fərqlənir və təbii ki, başqa növlərin bir çox xüsusiyyətlərini də özündə birləşdirir.

Bədii tərcümə ikitərəfli xarakter daşıyır. Onun vasitəsilə həm milli ədəbiyyat nümunələrini əcnəbi dillərə, həm də xarici dillərdəki əsərləri doğma dilə çevirmək olar. Tərcümə olunmuş hər bir əsər tərcüməçinin sənətkarlığı, ustalığıdır. O, hər iki dilin bütün səviyyələrini nəzərə almaqla yaradıcılıq işi görür, dilin bütün imkanlarını yeni incilərlə zənginləşdirir.

Alman dilindən Azərbaycan dilinə tərcümə ilə bağlı elmi tədqiqatlar bu baxımdan olduqca mühüm əhəmiyyət kəsb edir.

Fikrimizi əsaslandırmaq üçün görkəmli alman şairləri H.Haynenin, Y.V.Götenin, F.Şillerin və başqalarının Azərbaycan dilinə tərcümə olunmuş əsərlərindən nümunələrə diqqət edək:

Bəzən tərcümə o dərəcədə mükəmməl, təbii olur ki, oxucu onu orijinal əsər kimi qəbul edir. Y.V.Götenin «Səyyahın gecə nəğməsi» adlı şeri bu baxımdan daha səciyyəvidir:

Über allen Gipfeln Ist Ruh, In allen Wipfeln Spürest du Kaum einen Hauch, Die Völglein schweigen im Walde Warte nur, balde Ruhest du auch

Dağlar uca göy qədər, Dağlar zülmət yuxulu, Səssiz, ünsüz təpələr, Duman, çiskin qoxulu. Meşə laldır büsbütün, Quşlar ötmür bu gecə, Vaxt gələr, sən də bir gün Uyuyarsan beləcə.

Tərcüməçi hər bir xalqın milli sərvətini dünya mədəniyyəti xəzinəsinə daxil edir. Haynrix Haynenin bahara həsr etdiyi geniş həcmli şerinin tərcümə­sindən aşağıdakı misralar ürəyəyatandır:

Die blauen Frühlingsaugen, Schaun aus dem Gras hervor; Das sind die lieben Veilchen, Die ich zum Strauss erkor. Es hat warme Frühlingsnacht Die Blumen hervorgetrieben, Und nimmet mein Herz sich nicht in acht, So wird es sich wieder verlieben.

Alışır baharın mavi gözləri, Otlar arasından dünyanı süzür. Bu zərif, bu şehli bənövşələri, Xəyalım bir qızın telinə düzür. Baharın ipilıq bir gecəsində, Açıb dəstə-dəstə güllər, çiçəklər, Ürək təzə eşqə düşməsin deyə, Özünü bir qərib sükuta köklər.

Yaranmış qənaət bundan ibarətdir ki, tərcümə orijinalın məzmunu ilə forması, ruhu ilə hərfi arasındakı dialektik vəhdəti qoruyub saxlamış, müqabil dilin leksik, sintaktik, üslubi imkanlarını, təsvir və ifadə vasitələrini oxuculara çatdırmışdır.

Korney  Çukovski  bədii  tərcümənin (poetik  tərcümə  bədii  tərcümənin  ən çətin sahəsidir) yüksək sənətkarlıq proqramını belə təsəvvür edirdi: tərcüməçinin yaradıcılıq ilhamı yalnız o vaxt səmərəli ola bilər ki, o, orijinaldan ayrılmasın, amma hərfən, yəni sözbəsöz, kəlmə-kəlmə tərcümə üsulundan yaxasını qurtarsın, təbəssümü təbəssümlə, musiqini musiqiylə, səmimiliyi səmimiliklə təcəssüm etdirsin, fikrin kəskinliyini, hissin dərinliyini, obrazın parlaqlığını, rənglərin və səslərin füsunkarlığını, intonasiyanın ahəngdarlığını oxucuya çatdırsın:

Ich pflücke sie und denke, Und die Gedanken all. Die mir im Herzen seufzen, Singt laut die Nachtigall. Der Frühling zwei schöne Augen Verlocken mein Herz in neue Betörung! Ich glaube, die Risen und Nachtigallen, Sind tief verwickelt in dieser Verschwörung.Yığıram gülləri otlar içindən, Ləçəklər nazlanır sübhün zərində. Kədərin səsini eşidirəm mən Bülbülün yanıqlı nəğmələrində. Bahardır gözəlin bir cüt gözü də, Ağıl başdan çıxıb kəməndə düşür. Dolub bülbülü də, qızılgülü də, Hamı bu tilsimə, bu bəndə düşür.

 

Poetik tərcümə hər şeydən əvvəl oxucuda estetik zövq yaratmalıdır. O tərcümələr uğurlu sayılır ki, oxucu onun tərcümə olunduğunu duymur:

Sorge nie, daβ ich verrate Meine Liebe vor der Welt, Wenn mein Mund ob deiner Schönheit, Von Metaphern überquellt.

Qəm yemə, hamının qabağında mən, Qəlbimin sirrini açan deyiləm. Vəsf edib baharın gözəlliyini, Özüm bu sevgidən qaçan deyiləm.

F.Şleyermaxer tərcümə prosesində tərcüməçinin yad sistemli dildə və həmin dildə müəllifin özünəməxsus, sərbəst yaradıcılığı ilə üzləşdiyini göstərir Beləliklə, tərcüməçi müəllifdən fərqli olaraq,  dörd cəhəti nəzərə almalıdır: 1)yad sistemli dili; 2)orijinal müəllifinin üslubunu; 3)tərcümə edilən dili; 4)müəllif  üslubunun təsiri altında olan üslubu. Bu baxımdan, tərcüməçi orijinalın adekvat tutumu üçün elə dil vasitələrindən istifadə etməlidir ki, bunlar həm məzmun və mahiyyətinə, həm də üslubi funksiyasına görə orijinalın vasitələri ilə eyniyyət təşkil etsin. Aşağıdakı misralar deyilənlərə bariz nümunədir:

Heldes Zittern, süβes Beben, Furchtsam zärtgiches Umschlingen. Und die jungen Rosen Lauschen, Und die Nachtigallen singen.Bu da titrək  ağuş, şirin həyəcan, Bihuşam ürəyin titrəməsindən. Batıb qızılgülün şehli ətrinə, İtirəm bülbülün cəh-cəh səsinə.

 

Tərcümənin əsas məqsədi iki dil formasının əvəzlənməsi ilə müşayiət olunan məna eyniliyini maksimum səviyyədə qoruyub saxlamaq, mətnlər arasında qanunauyğunluq əlaqələrini müəyyənləşdirməkdir. Tərcümənin məğzi orijinal mətndəki mənanı tərcümə dili vasitəsilə yenidən ifadə etməkdir. Tərcümə prosesində ümumi olan məna, fərqli olan isə iki müxtəlif dildir. Başqa sözlə, iki dil arasında məna və funksiya baxımından  ümumi sayılan vasitələrin seçilməsi tərcümə prosesinin məğzini təşkil edən amillərdir. Məhz bu amilləri nəzərə alaraq, aşağıdakı misraları müqayisəyə cəlb edək:

Horchend stehn die stummen Wälder, Jedes Blatt ein grünes Ohr! Und der Berg, wie träumend steckt er Seinen Schattenarm hervor.Heyrət içindədir lal meşələr də, Hər yarpaq elə bil bir yaşıl budaq Sükut içindədir yuxulu təpə, Kölgəsi uzanıb özündən qabaq.

 

Alman tərcümə məktəbinin nümayəndəsi V.fon Humboldta görə: a)tər­cü­məçi orijinalın bütün dil parametrlərinə nüfuz etməlidir; b)hər hansı dildə istənilən fikri ifadə etmək imkanı vardır. Lakin tərcümə prosesində dil element­lərinin tərcümə oluna bilməsinin dərəcəsi müxtəlifdir; c)öz sintaktik quruluşuna görə alman dili başqa dildə yazılmış orijinalın ideya məzmununu və obrazlılığını yaxşı qəbul edir. V.fon Humboldt belə hesab edir ki, tərcümə mümkün olmayanı reallaşdırmaq mahiyyəti kəsb edir. Tərcüməçi orijinala tam sadiq qaldıqda öz xalqının dilinə və zövqünə xələl gətirir. Əks halda orijinala sadiqlik şərti ödənilmir.

Konkret mətnin bütövlükdə uğurlu tərcüməsi üçün bütün dil vahidlərinin uzlaşması və ən optimal variantın tapılması yönümündə səciyyəvi olan misralara diqqət yetirək:

Es drängt die Not, läuten die Glocken, Und ach! Ich hab den Kopf verloren! Der Frühling und zwei schöne Augen, Sie haben sich wider mein Herz                                         verschworen.

Bu da bir sıxıntı, gəlir zəng səsi, Azmışam baharda, yolum ağ olmur. Gözümə baharın baxışı düşür, Ürəyi sehrdən qorumaq olmur.

Poeziya milli dil varlığının ən yüksək təzahürü, ali formasıdır və xalqın ruhunu daha dolğun ifadə edir. Təbii, poetik tərcümənin məziyyətləri birinci növbədə ondan asılı olur ki, kim kimin hansı əsərini hansı şəraitdə tərcümə edir və şübhəsiz, tərcüməçidə yüksək sənətkarlığa yol açan vurğunluqla yanaşı, dərin biliyə əsaslanan cəsarətli təxəyyül  olmalıdır.

Poetik tərcümədə əsərin bədii-estetik dəyərini, milli özünəməxsusluğunu, koloritini qoruyub saxlamaq, sənətkarın oxucuya çatdırmaq istədiyi əsas ideyanın, qayənin təsir gücünü qorumaq lazımdır. Burada forma və məzmun vəhdətinin pozulmaması, sənətkarın yaradıcılıq metodu və üslubuna xələl gətirilməməsi də zəruri amildir. Fridrix Şillerin, «Qərib qız» (“Das Mädchen aus der Fremde”) şerindən gətirəcəyimiz nümunələr deyilənləri sübut edir:

In einem Tal bei armen Hirten Erschien mit jedem jungen Jahr, Sobald die ersten Lerchen schwirrten, Ein Mädchen schön und wunderbar. Beseligend war ihre Nähe, Und alle Herzen wurden weit, Doch eine Würde, eine Höhe Enfernte die Vertraulickeit.

Hər il bu yerlərə bahar gələndə, Quşlar nəğmə deyib şənlik edərdi. Çobanın yanına elə bu dəmdə, Talaya hardansa bir qız gələrdi. Hamıyla xoş üzlə danışsa da o, Mənliyi, qüruru uca tutardı. Gözəl danışardı, gözəl gülərdi, Dərdlinin dərdini unutdurardı.

Göründüyü kimi, xarici dildən ana dilinə tərcümə zamanı sözlərin məna çalarını dəqiq müəyyənləşdirmək tərcüməçi sənətinin zəruri keyfiyyətləridir.

Qədim dünyanın görkəmli müdriklərindən  biri olan Demosfen demişdir ki, yaxşı tərcümə həyatın ən yaxşı xəzinəsidir, çünki o sənə zənginlik bəxş edir. Haynrix Hayne isə yazmışdır ki, orijinalın hərfini, hətta dəqiq fikrini qramma­tikanı öyrənib söz ehtiyatına malik olan hər kəs tərcümədə verə bilər. Lakin əsərin ruhunu tərcümə etmək hər adamın işi deyil.  Orijinal mətn dəyişilməz, daimi, əbədi olduğu halda, tərcümə bir proses kimi, əvvəla, müxtəlif dillərdə müxtəlif tərcümə mətnləri yaradır, ikincisi, ayrı-ayrı dövrlərdə başqa-başqa prinsiplər güdür, üçüncüsü, müəyyən dövrdə də eyni əsərin eyni dildə bir neçə dəfə tərcüməsini mümkün hesab edir. Bədii tərcümə, tərcümə nəzəriyyəsi və təcrübəsinin, ənənələrinin fövqündə dayanan ümumbəşəri əhəmiyyətli, filologiya səciyyəvi mədəni-tarixi bir hadisədir.

Tərcümə işi insanlığın - bəşəriyyətin inkişaf tarixində mühüm rolu olan xüsusi bir sahədir. Nəzərə almaq lazımdır ki, Azərbaycan dilinə tərcümənin elmi əsaslarının müxtəlif istiqamətlərdə öyrənilməsi tərcüməşünaslığın istər ümumi, istərsə də xüsusi nəzəriyyəsinin inkişafında dəyərli rol oynaya bilər.

Tərcümə ayrı-ayrı xalqların mədəniyyətlərini birləşdirmək, bir xalqın ədəbi-bədii nailiyyətlərini digərinə çatdırmaq, ədəbiyyatları yaxınlaşdırıb zəngin­ləş­dirməkdə əvəzsiz rolu olan bədii yaradıcılıqdır.

Tərcümə ayrı-ayrı dillərin daşıyıcıları arasında ünsiyyətə tələbatın meydana çıxdığı ilk dövrlərdən başalyaraq bu günə qədər ən lazımlı fəaliyyət növlərindən biri olmuş və onun gələcəkdə də bəşəriyyət üçün zəruri iş kimi qalacağı heç bir şübhə doğurmur. Elm və texnikanın, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı, müasir dövrümüzün qarşısıalınmaz sel təki güclənən informasiya axını və bütün bunların müxtəlif dillərə mənsubluğu tərcümə tarixinin yeni mərhələyə qədəm qoymasından xəbər verir.