"Sabahın işığı" şeirlər toplusunun müəllifi Akif
Azalpın tərcüməsində Azərbaycan Yazıçılar Birliyinin 2005-ci ildə nəşr etdirdiyi «Dünya ədəbiyyatı» dərgisinin növbəti nəşri - «Yurd» nəşriyyat - Poliqrafiya Birliyində çap olunmuş «Çağdaş özbək və gürcü ədəbiyyatlarından seçmələr» (UQARD - (Özbəkistan, Gürcüstan və Azərbaycan sənət cəhdləri) adlanır. Bu kitab
vasitəsilə Azərbaycan oxucusu öz ana dilində Özbəkistan ədəbiyyatının tanınmış
simalarından Akif Azalpın «Şərqlə qərbin yol
ayrıcında» (Çağdaş özbək şeirinə bir baxış) məqaləsini , Abdulla Aripovun,
Osman Əzimin, Bəhram Ruziməhəmmədin, Eşkobil Şükürün, İqbal Mirzənin, Mirpolad Mirzənin, Əziz Səidin, Osman Qoşqarın, Qoşqar Nərqabilin, Siracəddin Səyyidin, Vadim Muradxanovun,
Xasiyyət Rüstəmovanın, Xurşud Dövranın müxtəliv səpgili şeirlərini ( tərcümələr Səlim Babullaoğlunun, Akif Azalpın, Günel Mövludundur), eyni zamanda nasirlərdən Abdulhəmid İsmayılın «İki qocanın tarixçəsi» (Rəna Əzimovanın ruscaya
tərcüməsindən dilimizə çevirəni Pərviz Yusif),Xeyrəddin Sultanovun «Ya Cəmşid» (tərcümə Məqsəd Nurundur)
hekayələri ilə
tanış
oluruq. Bu tərcümələrlə mütərcimin məqsədi təkcə özbək poeziyasını Azərbaycan dilinə çevirmək deyil, həm də o şairlərin qəlbində Azərbaycan çırağı yandırmaqdır.
Həmin topluya daxil edilmiş şairlərin çoxu ilk dəfədir ki,
Azərbaycan oxucusu ilə görüşür.
Akif Azalp iki dildə -- Azərbaycan və özbək dillərində yazıb-yaradır. Onun "Vətən" nəşriyyatında yeni
nəşr olunmuş dördüncü -- "Turan havası" kitabında hər iki
dildə müxtəlif illərdə yazdığı şeirləri, onun tərcüməsində çağdaş özbək şeirinin tanınmış, nüfuzlu nümayəndələrinin əsərlərindən nümunələr, həmçinin özbək, krım, xakas və şor xalq mahnılarından tərcümələr daxil
edilmişdir. Xalq şairi Fikrət Qoca kitaba
yazdığı "Ön söz"də qeyd edir
ki, "rəngarəng mövzulu, maraqlı dünyagörüşünə, düşüncə tərzinə malik olan şairin əsərləri ədəbiyyatımızda yeni
səs, yeni nəfəsdir. Kitabın "Dünya bir
yan, sən bir
yansan, Azərbaycan" -- məşhur şeiri ilə açılması təbiidir. Akif Azalp
Azərbaycandan uzaq bir ölkədə -- Özbəkistanda yaşayır. Bu şeiri də elə orada yazmışdır. Ona görə bu şeirdəki həsrət, istək, məhəbbət, bədii təsvir, müqayisə, tarixi səhifələrin vərəqlənməsi, etnoqrafik yaddaş, milli ədəbi irsə
müraciət, bəşəri və milli mədəni münasibətlər -- təbii yaşantılarından doğan hisslərdir. Kitaba
daxil etdiyi Azərbaycan dilində yazılmış şeirləri (cəmi 25 şeir) müxtəlif mövzulardan bəhs edir.
Vətən həsrətli, Vətən məhəbbətli, "gəlimli-gedimli
dünya, bir üzü dönümlü dünya"nın folklor
yaddaşı,
milli faciəmizin əksi, dərviş dərdli, Araz haraylı,
tarixi yaddaşı yaralı Axıska zümzüməsi, tale ünvanlı, Turan havalı,
kövrək uşaqlıq şıltaqlığı, bahar rübablı,
dost sədalı, qələm qardaşlı,
Dədə Qorqud bayatılı,
ictimai-siyasi məzmunlu, talanmış -- işğal edilmiş
torpaqlarımızın iniltisi, Vətən xainlərinə ittihamedici tənələr, Qaraca Çoban mərdliyi, nəğməli ömür səhifələri, doğmalara qəlbdən süzülən nisgil, Məmməd Araz
poetikasının fəlsəfi, şair pərvanəliyi bu şeirlərin mövzusu, süjeti, məntiqi mənası,
poetik düzümüdür --
O söz deyil -- yaxar ülgü olmasa,
Şeir deyil -- yıxar cəngi olmasa,
Qələm deyil -- didər süngü olmasa,
Çıxart məni gedər-gəlməz yoluna!
Akif Azalpın özbək dilində yazdığı şeirlərini şair Əbülfət Zeynaloğlu Azərbaycan dilinə tərcümə etmişdir (cəmi 25 şeir). Bu hissə
isə şairin ömür-gününü bağladığı, gəncliyini--həyat eşqini yaşadığı, Azərbaycanın soy qardaşı Özbəkistana həsr etdiyi şeirlə açılır. "Bitikdəki etiqad" şeiri
türk tarixinin yaddaşı, Qorqud sazı, Atilla gücünün sədasıdır.
Yurdum Turan,
aulum Nursu,
Keçdiyim yol
səmalaracan,
Gündoğandan Günbatanacan,
Nisgillərə yel olan
arzu.
-- şərqisini yazan şairin doğulduğu yurd Azərbaycan olsa da, soy-kökü (bitikdə) ilə azər olduğu qədər də özbək, uyğur, qırğız, türkmən, qazax, tatar, başqırd, balkar, yakut, çuvaş, qumuq, xakas, kərkük, qaraqalpaq, qaqauz, şor, karaim... bir sözlə,
türkdür --
Mən bununla
yenilməz,
Mən bununla
böyüyəm!
"Yol", "Albona", "İki damla yaş", "Mənzərə", "Gecə gülünə", "Salam, dar ağacı", "Ceyran südünə", "Qılınc və qələm", "Ümman", "Ana", "Qadına", "Dost qədri", "Alqışla, Azərbaycan" və s. şeirlərində gözəl lirizm,
estetik duyum, gerçək yaşantıların poetik əksi görünür. Bu şeirlərdəki bədii ifadə tutumu, təsvir xalq
yaradıcılığı, xalq yaddaşından süzülən nəğmələr qədər səmimi və safdır, folklor şirinliyi oxucu qəlbinə nüfuz edir.
"İki damla yaş" şeiri "lirik məni"in qüruru və kövrək, titrək duyğusudur. Ömrünə, taleyinə qismət iki türk yurduna aşiqanə, pərvanə vurğunluğu, lirik ovqatıdır. Azərbaycan--Özbəkistan -- hərəsi gözünün bir giləsidir, biri könlünün "Şeşmuğam"ı, digəri isə "Şikəstə" havasıdır. Biri -- Alpamış Muğanna yaylasında dastan ömrü yaşantıları ilə qəhrəmanlıq zirvəsi fəth edirsə,
digəri Dədə Qorqud ruhundan
güc alıb Babək qalasına nur saçır, biri Nizami
dühalı, digəri Nəvai hünərli, biri Nəsimi taleli,
Füzuli ağrılı, digəri Uluğbəy hikmətli, Məşrəb faciəli, biri nəsr dünyası ulduz kəhkəşanlı, Çolpan göynəmli, biri "Arşın mal alan"
haraylı,
Cavid şəhidli, biri səması sevinc aydınlığı, digəri ulduz şəfəqli türk yurdudur. Şəninə minbir dastan,
nəğmə yaraşası ölkələri iki damla şehdir.
Közərib yanacaq
kirpiyim üstdə,
Tale yazısıtək iki damla
yaş.
Ümumiyyətlə, Akif Azalp poeziyası başdan-başa türk nəfəsli, türk səsli, türk hayqırtılı nəğmədir. Bu poeziyada türkün tarixi,
folkloru, xarakteri, sevinci, ələmi, eşqi, nakam ahı
görünür, köklü-binəli bir
Turan havasıdır --
Yürüdükcə könül deyir,
bizdən bu
hava qalası,
Türkümdə Turan havası,
marşımda Turan
havası!
Kitabdakı üçüncü bölməyə Çağdaş özbək şeirindən Akif
Azalpın tərcümələri daxil
edilmişdir -- xalq şairləri Abdulla Aripov, Erkin Vahidov, Osman Qoşqar, Xasiyyət Rüstəmova, Qoşqar Nərqabil, İqbal Mirzə. Abdulla Aripovdan olan seçmə tərcümələrdə "Azərbaycan", "İrəvan küçəsində", "Bahar günlərində payız havası", "Gülmə, gülmə", "Naməlum bakirə" şeirləri Azərbaycana, Azərbaycan gözəlinə, "lirik mən"in düşüncələrinə həsr olunmuşdur. A.Aripovun "Azərbaycan" şeirilə Azərbaycan dilində indyəcən bir neçə şairin tərcüməsində rastlaşmışıq. Hər birinin öz ruhu, öz ahəngi vardır. Xalq şarimiz X.R.Ulutürkün A.Aripovdan
olan bir xeyli tərcümələri könlümüzü sevindirib. Erkin Vahidovun yaradıcılıq nümunələri ilə
həm X.R.Ulutürkün, həm də digər şairlərin tərcüməsində ilkin tanışlığımız olubdur. Akif Azalp
da öz tərcümə səhifəsində bu şairə xüsusi yer
ayırmış və öz könül rübabının nəfəsindən xoş
duyğular cilalayaraq "Qulluq et, -- demirəm", "Qəlb elə ümmandı", "Soyuq çardaqlarda didərgin və dik", "Gecikmə"
və "Bu köhnə gileyli" şeirlərini oxucusuna ərməğan edir. Erkin Vahidovun poeziyasındakı mətinlik, qürur hissi,
türk mərdliyi, lirik düşüncə, siyasi hoqqabazlıqların ağrısını çəkən sadə, günahsız insanların bir hovur nəfəsi, tale ağrısı, zamanın dözülməzliyi və itən "həyası" düşündürücü və fəlsəfidir. Osman Əzimin şair ömrünün həzin xəyalları, bir qaraçı qızının dodaqlarında pıçıldayan nəğmələr, eşqə bülənd gileyli,
küskün, yanıqlı taleyi və milli tarixi misralanıb.
İqbal Mirzənin sevən könlü öz lirik
nəğməsini belə misralayır --
Sən mənim qaragöz qaranquşumsan,
Köksüm eyvan
oldu səni özləyib.
Osman Qoşqardan olan çevirmələr Azərbaycan--özbək ədəbi əlaqələrimizin poeziya səhifəsində parlaq görünən, seçilən poetik
nümunələrdir.
Eşq deyilən qismətim, nəmli
Gözlərində yaşa döndüm mən.
Dama - dama qüssəli, qəmli…
Bir gün, gülüm, daşa döndüm mən.
Çağdaş özbək poeziyasında dan ulduzu tək parlayan
Xasiyyət Rüstəmova istedadı, özünəməxsus poetik
sözü ilə seçilir. Onun poeziyasındakı türkçülük ruhu
yaradıcılığının əsas mənasıdır. Siyasi motivi
ilə səciyyələnən "Xalqım sənin kimi" şeirindəki yaşantılar ağrılı və hayqırtılıdır. Türk hayqırtısını, üsyanını duymaq
üçün milli təpərə dolmalısan. Onun poeziyasındakı bədii ifadəliliyin zənginliyi oxucunu özünə cəlb edir.
Qadına, bayram günlərinə töhfə, hədiyyə kimi təqdim edilən çiçək, gül ömrünə şair qəlbi ağrıyır -- bayram sevinci
yaşanan anlara bəxş olunan güllər, gül ömrü qurban edilir. Əlinə götürdüyün çiçək gözəllikləri içində sevinən qəlbin eyni anda qurbanlıq kimi üzülən güllərin taleyinə ağrıması şairin poetik
tapıntısıdır. Şair ömrünə, söz hikmətinə güvənən şair Allaha
tapınar.
Ürək döyüntüsü - haqqa ibadət,
Ürəyim döyünür haqdan
ibarət.
Bir daha
inandım şairin gücünə,
Özümü dəfn etdim
Sözün içinə.
-- belə
poetik tapıntılar Xasiyyət xanımın gələcək şair ömrünün parlaq işartılarıdır. Bu topluda Akif Azalpın şairlik istedadının, ulutürkçülük eşqinin nümunəsi kimi türkdilli xalqların -- özbək, uyğur, türkmən, tatar, krım, xakas, şor xalqlarının xalq mahnılarından olan çevirmələri uğurlu və orijinaldır, böyük zəhmət və cəsarətin, zəngin təfəkkürün, biliyin əksidir. Bu çevirmələrlə tanış olduqca Akif Azalp
poeziyası ruhumuza daha da doğmalaşır. Məsələn, onun "Bitikdəki etiqad" , "Yol" şeirləri ,"...Hava buludu
yırğalar" adlı özbək xalq mahnısı ilə eyni şeiriyyət, eyni ruh,
qan daşıyıcısıdır. Belə misalları müəyyən qədər sadalamaq mümkündür. Bu poetik
oxşarlığın, bənzətmənin bir
səbəbi odur ki, müəllif xalq
ruhuna, xalq deyimlərinə, nəğmələrinə o qədər məhəbbətlə bağlanıb ki, sanki sənətkarlıq məktəbini el ədəbiyyatından mənimsəyib. Özü də yaşayıb-yaratdığı
elin ruhuna daha çox yaxındır. Bu hissi
onun öz yaradıcılığında -- azərbaycanca və özbəkcə olan şeirləri (tərcümələr) arasında da
gördüm. Onun məşhur "Salam, dar ağacı" şeirinin məzmunu xalq
dastanından götürülmüşdür. Şair mövzünü o qədər böyük ustalıqla poetikləşdirib
ki, ondan sonra özbək şairləri "dar ağac"ına yazdıqları şeirləri xalq dastanına yox, Akif Azalpa nəzirə kimi qələmə alıblar. Belə misallar onun yaradıcılığında çoxdur.
Mənə elə gəldi ki, 30
ildir Özbəkistan Elmlər Akademiyasında elmi işçi, nəzəriyyəçi alim, şair Akif
Azalp şeirlərini özbək dilində daha şirin, daha poetik
yazır.
İnanıram ki, şairlə bu görüş oxuculara unudulmaz təsir bağışlayacaq və Azərbaycan ədəbiyyatı səhifəsində özünəməxsus yer
tutacaqdır.
Harada yaşamağımıza baxmayaraq içimizdə dünya boyda
Azərbaycan eşqi saxlamaq, əzizləmək, göz bəbəyitək qorumaq düşmənə sərrast cavabımızdır.
Bəli, özbək-Azərbaycan ədəbi-mədəni əlaqələri məhz belə
yaradıcılıq münasibətləri, vətəndaşlıq qayğısı sayəsində öz inkişafının yeni
mərhələsini yaşayır.
«Azərbaycan və azərbaycanlılar»,
AMEA -nın elmi dərgisi, dekabr, 2007. səh.(İngilis dilində)