Almaz Ülvi

 

Poeziya ilahi hadisədir

                 

Bəşəri poetik duyğular köhlənində ədəbi dünyamıza daxil olan hər bir tərcümə əsəri ədəbiyyat fondumuzu zənginləşdirən qənimət kimi dəyərlidir. Maraqlıdır ki, bu günlərdə rus klassiklərinin poetik nümunələrindən ibarət tərcümə toplusunu əlimə alanda qəribə ovqat yaşadım. Zalım qaniçən rus imperiyası məngənəsindən qopaqop zamanında bir daha rus poeziyasına müraciətin səbəbini, məramını aramalı oldum. Özü kənar söz-söhbətlərdə, ədəbi-mədəni münasibətlərdə yox, məni düşündürməyə vadar edən topluda gəzdim. Hələ münasibətlərimizdə gizlicə gedən çək-çevirdə bir daha inandım ki, poeziya bəşəridir, ilahi hadisədir. Bir həqiqətdir ki, poetik duyğular sərhədsizdir, həm cəmi dünyanın içində göyün, yerin, Allahın bir olduğunu dərk edəndə bu hiss daha güclü daha səmimi olur.

"Yaz suları... Dan söküləndə... İlxı..." - romantik düşüncəli bir misranı xatırlatsa da, əslində ayrı-ayrılıqda üç şeirin diqqətimi çəkən toplunun sərlövhəsidir.

Bu topluda "Yaz suları..." - rus zadəgən əsilli Fyodor Tutçevin (1803-1873), "Dan söküləndə..." - alman qadın Karolina Şarlotta Fetin üz tutub gəldiyi Rusiyada qeyri-qanuni doğulan oğlu Afanasi Fetin (1820-1892), "İlxı..." - isə rus kəndli oğlu, sənət aləmində ərköyüncəsinə dolanmaq hüququ qazanmış, xoşbəxt acı tale yaşamış, gözəlliyini hisslərinə dəstəvuz tutub pərilər ürəyi oğurlayan-ovlayan Sergey Yeseninin (1895-1925) şeirlərini təmsil edən poetik nümunələrdir. Adlarını çəkdiyim hər üç sənətkar rus poeziyasının klassikləridir bu klassiklərin əsərlərini dilimizə tərcümə edən orijinal şeirləri ilə ədəbi mühitdə tanınan, istedadlı cavan şair Qoca Xaliddir. Xatırlatmaq istərdim ki, o, ədəbi aləmə Namizəd Xalidoğlu kimi gəlmişdir.

"Yaz suları.. Dan söküləndə... İlxı..." toplusu müəllifin ikinci tərcümələr kitabıdır. "Bir dənizdən yeddi damla" (1993) toplusunda tanınmış çağdaş rus şairləri Nikolay Rutbsovun, Vasili Kazantsevin, Vladimir Sokolovun, Anatoli Jiqulinin, Anatoli Peredreyevin, Yuri Kuznetsovun Vladimir Vısotskinin maraqlı, lirik şerləri dərc edilmişdi. İkinci topluya isə müəllif, yuxarıda sadaladığım sənətkarların duyğu mənəviyyatca, ruhən söykəndiyi ustadlarının poetik nümunələrini daxil etmişdir. Bu ardıcıllıq ədəbi istiqamət müəyyənliyi tərcüməçinin rus klassik müasir poeziyasına hərtərəfli bələdliliyindən, qəlbcə yaxınlığından irəli gəlir.

Bu da bizim doğma yer...

Tutqun payız, boz meşə...

...Belə gündə buludlar qar gətirir həmişə...

- misralarının ardınca Tütçevdən olan tərcümələri bir-bir nəzərdən keçirdikdə onun yaradıcılıq xarakterini açmaq mümkündür. Bu, Tütçev poeziyasına xas olan faciəli taledən ayrılan ruh - dərin kədər, sonsuz bədbinlik əhvali-ruhiyyəsidir. XIX əsr rus fəlsəfi lirikasının məşhur nümayəndəsi kimi tanınan Tütçev poeziyasının Azərbaycan oxucuları ilə bəlkə ilk görüşüdür. Eləcə

Gecə yanıb-tökülür,

Ta dan yeri sökülür...

Gün əzilib-büzülür.

Qəlbə fərəh süzülür..."

- misralarında həyatiliklə yanaşı lirik-romantik duyğular təcəssüm etdirən Fet poeziyasının ana dilimizə çevrilməsi maraqlı ədəbi hadisədir. Topluya daxil edilmiş cəmi bir neçə tərcümədə Fet lirikasının da xarakterini izləmək mümkündür bu poeziya dünyası ilə ilk tanışlığımız mənalı görünür. Ədəbi tarixi faktlarla tanıdığımız, ən azı isə Mərdəkanda yazdığı "İran nəğmələri" ilə bizə tanış olan Yesenin şeirlərində tərcüməçi uğurlu xətt tuta bilibdir.

Qoca Xalidin rus klassiklərindən etdiyi tərcümələrdə bir ardıcıllıq, bir xarakterik cizgi - xətt duyulur. Bu, tərcüməçinin poetik sənətkarlıq üstünlüyü nəticəsində yaranmış haldır. O qədər çətinliklə duyulmur ki, müəllif tərcümə etdiyi hər bir əsərin poetik məzmununu, mənasını tutmuş, dərk etmiş az qala yeni poetik material kimi həmin şeirləri öz dilində təzədən yazmışdır.

Bu tərcümələrə müəllif öz orijinal şair xarakterini poetik üslubunu hopdurmuşdur. Tərcümələrin səmimi, axıcı orijinal alınmasında bu şərtin üstünlüyü faktdır... Qoca Xalidin ədəbi fondumuza daxil etdiyi  tərcümə əsərləri layiqli gözəgörünəndir...

...Hər şey təsadüfdən doğur. Qoca Xalidin (Zəkəriyyəyev Namizəd Xalid oğlu) redaksiyamıza qəfil gəlişi "Yaz suları... Dan söküləndə... İlxı..." - duyğuları kövrəkliyində yaşadığım günlərə təsadüf etdi. Görüşdük... Sən demə, Qoca Xalid rus klassiklərinin poeziya nümunələrini və öz orijinal şeirlərini bu günəcən də yaşadığı Kiçik Dəhnə kəndində (Şəki) yaradırmış. Kənd saflığı, duruluğu, səmimiyyəti yaradıcı qəlbinə onunçün  belə güclü hakim imiş və şair qəlbinin kövrəkliyindən, səmimi ovqatından, bir də şeirə-sənətə ciddi və bəşəri münasibətindən yaranmış Qoca Xalid imzalı şeir və tərcümələr sevgidən özgə bir şey deyilmiş. 

"Xalq qəzeti", 05.07.1997.