Sinxron tərcümənin tarixi XX əsrin ortalarına təsadüf edir. İlk dəfə Nyürenberq məhkəməsini dinləmək üçün yığışanlar beynəlxalq
səviyyədə sinxron tərcümədən bəhrələnmişlər. Həmin vaxtdan bəri hər il çoxlu
sayda konfranslar keçirilir və iştirakçılar öz dillərində və ya beynəlxalq
dillərdən birində iclasların gedişini təxminən eyni zamanda izləyə bilirlər.
Hazırda sinxron tərcümə böyük
sayda iştirakçıların və ya mətbuat nümayəndərinin təşrif buyurduqları bir sıra
dillərin istifadə olunduğu görüşlər, diplomatik danışıqlar və bəzən də məhkəmə
prosesləri kimi hüquqi şəraitlər üçün məqsədəuyğun və çox əlverişli sayılır. Bu
da onunla əlaqədardır ki, ardıcıl tərcümədə hər bir nitqə ayrılan vaxt ikiqat
artır, yəni məruzənin tərcüməsi də müəyyən vaxt aparır, beləliklə, ümumilikdə
tədbirin sürəti faktiki olaraq yarıya bölünmüş olur. İşlənmə məkanına uyğun
olaraq, sinxron tərcüməyə bəzən «BMT-stilli tərcümə» və ya «konfrans tərcüməsi»
də deyilir.
Azərbaycan müstəqillik qazandıqdan sonra
paytaxtımız da bir çox beynəlxalq konfransların keçirildiyi ünvana çevrilmişdir.
Nəticədə ölkəmizdə sinxron tərcüməçilərin hazırlanması bir problem kimi qarşıya
çıxmışdır. Lakin bu sahədə mütəxəssis hazırlığı bir sıra ciddi çətinliklərlə
üzləşir.
Birincisi, çətinliklər Azərbaycan Respublikasının müstəqillik qazandığı son dövrə, doxsanıncı illərə qədər ölkəmizdə sinxron tərcümə təcrübəsinin, demək olar ki, mövcud olmaması ilə əlaqədardır. Bunun səbəbi bir tərəfdən, Azərbaycanda Sovet dövründə beynəlxalq səviyyəli görüşlərin olduqca cüzi sayda keçirilməsi, digər tərəfdən Azərbaycan dilindən rəsmi dairələrdə istifadə olunmaması ilə izah edilir. Rus dilli sinxronçuların hazırlığı ilə isə Moskva və digər SSRİ şəhərləri məşğul olurdular. Buna Azərbaycanda heç ehtiyac da yox idi. «... əvvəlki Sovetlər İttifaqında sinxron tərcüməçilər Moskvada hazırlanırdı, onun ərazisində təşkil olunan bütün beynəlxalq forum, simpozium və konfranslarda işçi dil rus dili idi. Bu səbəbdən tərcüməçi-dilmanclar hazırlanarkən rus və xarici dillərdən biri aktiv və passiv dil kimi öyrədilirdi. Əgər Azərbaycan Respublikasında hər hansı beynəlxalq görüş keçirilirdisə, onda şübhəsiz ki, Moskva rəsmilərini öz tərcüməçiləri müşayiət edirdi» (1, s.61).
Sinxron tərcüməçilərin hazırlığı ilə bağlı ikinci bir çətinlik ondan
ibarətdir ki, tərcümənin bu növünün öz təbiəti xüsusi diqqət tələb edir.
Təsadüfi deyil ki, Roderik Counz sinxron tərcümənin ardıcıl tərcümədən fərqli
daha iki çətinliklə səciyyələndiyini xüsusi olaraq vurğulayır. O, şifahi
tərcümənin bu növünün akustik baxımdan çətinliyini dinləmə və danışma
proseslərinin qeyri-təbii olaraq eyni zamanda baş verməsində görür, intellektual
baxımdan çətinliyi isə məruzəçinin fikrini tərcüməçinin əvvəlcədən duyması zərurəti
ilə əlaqələndirir (8, s.71-72). Belə ki, bu mürəkkəb prosesdə tərcüməçi vaxt
itirmədən natiqi dinləyə-dinləyə təxminən eyni zamanda nitqi tərcümə etməlidir,
burada dinləmə, anlama, tərcümə dilinə çevirib səsləndirmə mərhələləri
arasındakı müddət çox anidir (Konfrans Tərcüməçilərinin Beynəlxalq
Assosiasiyasının rəsmi internet saytındakı məlumata görə, altı saatlıq iş günü ərzində sinxron tərcüməçi təxminən 65 çap
səhifəsinə bərabər materialı şifahi tərcümə etmiş olur. ( 4,s.2)). Bu elə bir məharət və səriştə tələb edir ki, tərcüməçi eşitdiyi fikri
tərcümə dilində ifadə edə-edə növbəti cümləni də tuta bilsin. Belə bir
səriştənin formalaşması üçün xüsusi məşq tələb olunur. Sinxronçular hər
şeydən əvvəl, gözəl dinləmə, həm də səlist
və gözəl nitq söyləmək qabiliyyətinə malik olmalıdırlar. Bir türk xalq
məsəlində deyilir ki, «Anası, cocuğuna təkcə söyləməyi deyil, dinləməyi də öyrət
ki, sənin balan əsl danışmağı öyrənmiş olsun» (2, s.18). Sinxron tərcüməçinin
dinləmə qabiliyyətini, eləcə də qısamüddətli yaddaşını inkişaf etdirmək üçün
başlanğıc mərhələdə tələbələrə ana dilində eşitdikləri informasiyanı öz
sözlərilə təkrarlamağı tələb edən çalışmalar vermək olar. Sinxron tərcümənin tədrisi ilə bağlı xarici ölkələrin təcrübəsində
sözlərin, cümlələrin və paraqrafların ingiliscə “shadowing” termini ilə ifadə
olunan təqlid yolu ilə izlənməsi, sinonimlərin verilməsi və bu zaman tələbələrin
danışa-danışa başqa bir mövzuda nəisə yazması da effektli hazırlıq çalışmaları
sayılır (3, s.46; 5, s.3). Bu çalışmaların məqsədi tələbənin fikrini iki
«kanalda» eyni zamanda çalışmağa alışdırmaqdan ibarətdir (6, s.12). Nyürenberq
məhkəməsində dilmanclıq etmiş Peter Less isə ötən əsrin birinci yarısında
Cenevrə Universitetinin nəzdində fəaliyyət göstərən Sinxron Tərcümə Məktəbindəki
tədris təcrübəsini belə təsvir edir: «Bu, ikillik bir kurs idi. Bizi şüşə
kabinələrdə əyləşdirirdilər. Əvvəlcə, hər bir hecanı vurğulaya-vurğulaya çox
yavaş-yavaş danışırdılar: ‘Heute ist das Wetter sehr schoen.’—‘Bugün hava çox
gözəldir.’ Bir neçə həftədən sonra sürətlə və aksentlə danışdılar. Biz tədricən
eyni zamanda dinləməyi və danışmağı öyrəndik» (7, s.45).
Biz dinləmək dedikdə xarici dildə ifadə edilən
fikri tutmaq bacarığını da buraya daxil edirik. Bu isə öz növbəsində
xarici dilə mükəmməl surətdə yiyələnməyi tələb edir. Əlbəttə, beynəlxalq
səviyyədə keçirilən görüşlər ciddi mövzulara həsr olunduğundan əlaqədar
ixtisas sahəsindən xəbərdar olmaq zərurəti ortaya çıxır. Hazırda
respublikamızda konkret sahələr üzrə sinxron tərcüməçilərin hazırlanmadığını
nəzərə alaraq, məsləhət görülür ki, tərcüməçilər iştirak etdikləri görüşlərin
materialları ilə xeyli əvvəl tanış olsunlar, mövzu üzrə mövcud ədəbiyyatı
diqqətlə nəzərdən keçirsinlər. Konfrans təşkilatçıları ilə sıx əməkdaşlıq
olmadan bu işin uğurla nəticələnəcəyinə ümid yoxdur,
məhz burada da çətinliklərdən biri ilə üzləşirik. Təəssüf ki, bu sahədə təcrübə
əksər hallarda natamam xarakter daşıyır; tərcüməçini haqqı ödənilərkən deyil,
tərcümə edərkən tərcümə etdiyi şəxsdən qat-qat ideal görmək istəyirlər. Əslində
isə məsələ bir qədər fərqli şəkildə qoyulmalıdır: yəni tərcüməçi öz
məsuliyyətli rolunu dərk edərək ideal mütəxəssis olmağa daim can atmalı,
ətrafdakılar isə onun avtomat mexanizm deyil, məhz canlı insan olduğunu nəzərə
almalıdırlar.
Sinxron tərcümə ilə bağlı digər bir çətinlik də
konkret olaraq, bizim şəraitlə əlaqədar Azərbaycan və ingilis (eləcə də digər
Avropa) dillərinin müxtəlif qrammatik quruluşa, fərqli söz sırasına malik
olmasındadır. Misal üçün Azərbaycan dilindən ingilis dilinə tərcümə edərkən
xəbəri eşitmək üçün tərcüməçi əksər hallarda cümlənin sonunu gözləməli olur.
Halbuki əgər tərcüməçi öz intuisiyasından, uzaqgörənliyindən, keçmiş biliyindən
və ya kontekstdən istifadə etmirsə, həmin xəbərin cümlədəki fikri təsdiq və ya
inkar etdiyini bilmədən ingilis dilində mübtədadan sonra ikinci yerdə gələn
xəbəri qrammatik cəhətdən formalaşdırmaq mümkün deyil. Məlumdur ki, tərcüməçini
öz intuisiyası aldada bilər, onun keçmiş biliyi də kömək etməyə bilər və ya
kontekstin əksinə olaraq, məruzəçinin fikri reallıqdan fərqli də ola bilər.
Eləcə də ingilis dilində tamamlıq xəbərdən sonra gəldiyi üçün Azərbaycan dilinin
söz sırasını (mübtəda+tamamlıq+xəbər) pozmamaq üçün tərcümə zamanı yenə də
cümləni axıradək dinləmək lazım gəlir. Deməli, burada sinxron tərcümə tipoloci
baxımdan yaxın dillərdəkindən daha mürəkkəb xarakter alır, təbii ki, ləngimə
prosesi artır. Tələbələrə başa salmaq lazımdır ki, sinxron tərcümədə əslində,
məruzəçinin dediyi cümlə ilə onun tərcüməsi heç də həmişə eyni zamanda başlamır
və eyni zamanda qurtarmır. Adətən sinxron tərcüməçinin 2 və ya 3 söz
hesabında ləngiməsi məqbul sayılır. Lakin əsas olan - cümlədəki hər bir sözün
deyil, ifadə olunan fikrin tərcümə dilində verilməsidir. Bu da sinxron
tərcüməçiyə qeyri-vacib informasiyanı ixtisar etməyə, ən qısa söz və ifadələr
işlətməyə, ümumiləşdirmə üsulundan istifadə etməyə, uzun cümlələri bölərək sadə
cümlələr şəklində tərcümə etməyə ixtiyar verir. Elmi ədəbiyyatda
göstərildiyi kimi, əslində «hesablamalara görə vaxtın yalnız 42%-ni natiqlə
tərcüməçi eyni zamanda danışır, vaxtın 12%-ni onların hər ikisi susur, 18%-ni
yalnız natiq danışır, halbuki vaxtın 28%-ni əksinə yalnız tərcüməçi» (9, s.37).
Tələbələri elə məşq etdirmək lazımdır ki, dillərin qrammatik quruluşu ilə
əlaqədar baş verən ləngiməni kompensasiya etmək üçün məruzəçinin çıxışındakı ən
qısa fasilələrdən belə məharətlə istifadə edə bilsinlər.
Doğrudur, sinxron tərcüməyə başlamazdan əvvəl tərcüməçi-tələbələr artıq
ardıcıl tərcümə etməyi bacarmalıdır, lakin dərslərdə elə ilk vaxtlardan
tələbələrə ümumi (yəni tərkibində çox cüzi naməlum sözlər olan, yaxud
informasiya cəhətdən çox da ağır olmayan) mətnləri sinxron tərcümə etmək
tapşırıla bilər. Bunun üçün Böyük Britaniyada və ya ABŞ-da çap olunmuş ingilis
dili dərsliklərinin kasetlərindən istifadə etmək olar. Növbəti mərhələdə isə
hələlik kabinə sistemimiz olmasa da, öz səsimiz və ya xarici həmkarlarımızın
səsi ilə lentə yazılmış mətnlərlə işləmək yaxşı nəticələr verir. Bu
baxımdan şəhərimizdə keçirilən konfrans və seminarların materialları da
tərcüməçilərin hazırlığında dəyərli töhfə sayıla bilər, çünki bu, tələbələri
təcrübədə qarşılaşacaqları bir çox çətinliklərlə, eləcə də yeni terminlər və
biliklərlə tanış edər və onlar özlərini süni şəraitdə deyil, məhz tədris məqsədi
ilə tərtib olunmuş materiallarla işləyərkən olduğundan fərqli, müəyyən qədər
reallıqla qarşılaşırmış kimi hiss edə bilərlər.
Deyilənlərlə əlaqədar olaraq gələcək sinxronçularla iş bir neçə istiqamətdə
aparılmalıdır: onlar öz ana dillərini yaxşı bilməklə yanaşı, xarici dilə də
mükəmməl şəkildə yiyələnməli, həm də bu dildə gözəl nitq vərdişləri əldə etməli,
ayrı-ayrı ixtisas sahələri üzrə öz lüğət bazalarını artırmalı və bilik
toplamalı, mövcud imkan daxilində müntəzəm məşq etməlidirlər.
Summary
On the Experience of Training
Simultaneous Interpreters
Fiala Abdullayeva
Associate
Professor, English Translation Department
The
article presents the analysis of the situation related to the process of
Simultaneous Interpreting on the basis of new findings in the field of
Translation. It also describes and groups some specific challenges faced in
training simultaneous interpreters taking into consideration both the nature of
this form of Interpreting, and the past and present conditions in the Republic
of Azerbaijan in this respect. Using her experience, as well as the suggestions
by foreign professionals, the author of the article also provides some useful
clues to overcome the stated challenges.
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dillər Universiteti
«Elmi Xəbərlər», №7, Bakı, 2006, səh.31-34