Fialə Abdullayeva,

 Filologiya elmləri namizədi

Elmi Xəbərlər, Azərbaycan Respublikası Təhsil Nazirliyi,

Azərbaycan Dillər Universiteti, 2004/5, Bakı, 2004, səh.14-16

 

Tərcüməçinin kompüterdən istifadə imkanları

 

    İnsan həyatının və fəaliyyətinin bütün sahələrinə sirayət edən texnika bizi özündən asılı vəziyyətə salsa da, eyni zamanda bəşəriyyətin inkişafı üçün hər an yeni perspektivlər açır. Bu baxımdan kompüterlərdən istifadənin getdikcə daha çox peşələri əhatə etməsini misal çəkmək kifayətdir. Artıq 21-ci əsrin başlanğıcında tərcümə sahəsinin keyfiyyətli və sürətli irəliləyişini kompüterlərin aparıcı rolu olmadan təsəvvür etmək qeyri-mümkündür.

    Tərcüməçi kompüter texnikasından hansı hallarda istifadə edir və faydalanır?

    Ümumdünya inteqrasiya prosesi informasiya mübadiləsinin geniş vüsətilə müşayiət olunduğu bir dövrdə böyük həcmli informativ səciyyəli tərcüməyə tələbat artır. Artıq sifarişçilər yazılı tərcüməni əlyazması ilə qəbul etmək qaydasını unutmaq üzrədirlər. İndi mətnlərin makina ilə çapı məsələsinin keçmişə qovuşduğu halda, söhbət təkcə yazılı mətnlərin kompüterdə yığılmasından deyil, həm də yüksək keyfiyyətlə, sürətlə və tələb olunan forma və ölçülərə uyğun yığılmasından gedir. Deməli, kompüter ilk növbədə, tərcüməçi üçün yazı makinasını əvəz edir və onunla müqayisədə özünün nəhəng üstünlüklərilə bir çox prosesləri sürətləndirir, bununla da tərcüməçi xeyli miqdarda vaxta qənaət etmiş olur. Artıq yazıda müəyyən səhv etdikdə kursor vasitəsilə geriyə qayıdıb onu asanlıqla pozub düzəltmək olur. Təkrar söz və ifadələri, cümlələri və ya mətn parçalarını yenidən yazmağa daha ehtiyac olmur. Belə ki, mətnin təkrar olunacaq hissəsini artıq mövcud olan yerdən yaddaşa yazıb istənilən zaman mətnin istənilən yerinə yapışdırmaq olur. Tərcüməçi işin gedişində mətnin tələb olunan yerinə çox sürətlə qayıda bilir. Məsələn, «ctrl» və «home» düymələrini eyni zamanda basmaqla (ctrl+home) mətnin lap əvvəlinə, «ctrl» və «end» düymələrini basmaqla (ctrl+end) isə sonuna qayıtmaq mümkündür. Tərcümə mətnini birbaşa kompüterə yığarkən asanlıqla bir dildən başqa dilə keçmək, istənilən ölçülü və formalı şriftlərdən istifadə etmək, orijinaldakı cədvəlləri, qrafik və fiqurları, şəkilləri asanlıqda mətnə daxil etmək, müxtəlif rəngləri seçmək, başlıqları ayırmaq və s. imkanlar tərcümənin formasının onun məzmunu ilə vəhdət təşkil etməsinə şərait yaradır. Tərcüməçi kömpüterin köməyilə mətndəki istənilən sözü bir an içində tapıb dəyişə bilir. Mətndə olan orfoqrafik və qrammatik səhvlərin çoxu avtomatik olaraq düzəlir. İzahlı «Thesaurus» lüğətinin köməyilə hər hansı bir sözün sinonimlərini tapmaq və həmin sözü sinonimlər cərgəsindəki daha müvafiq leksik vahidlə əvəz etmək olur. Ekranda bir mətni ikiyə bölmək şərtilə orijinalı oxuya-oxuya tərcüməçi mətnin digər yarısında öz tərcüməsini yığmaq imkanına malikdir. Kompüterin alətlərindən istifadə edən tərcüməçi yığdığı mətnin həcmini, oradakı işarələrin, sözlərin, paraqrafların, sətirlərin sayını dəqiq öyrənə bilir. Tanış olmayan sözləri kompüterin yaddaşına daxil edilmiş proqramların tərkibindəki lüğətlərdən, xüsusilə də müxtəlif terminlər bankından çox sürətlə tapmaq həm işi tezləşdirir, həm də terminlərin istifadəsində vahidlik prinsipinə əməl olunmasına kömək edir. Tərcüməçi öz işini müxtəlif tərcümə proqramları, yəni maşın tərcüməsilə də müqayisə edə bilir. Böyük həcmli mətnləri disketlərə yığmaqla tərcüməçi öz məhsulunu istənilən məkana çatdırmaq imkanı qazanır. Bundan əlavə, hazır tərcümə qısa zaman kəsiyində internet vasitəsilə istənilən ünvana «məktuba qoşma» (“Attachment”) şəklində göndərilir, yəni artıq böyük məsafələr qət etməyə və ya poçta üz tutmağa ehtiyac qalmır. Tərcüməçi internetin köməyilə onu maraqlandıran bir çox suallara cavab tapır, deməli, o, kompüterdən həm də bir bilik mənbəyi kimi istifadə edir; öz həmkarları ilə əlaqə saxlamaqla, onların internet saytlarına daxil etdikləri fikirlərilə tanış olmaqla, ixtisas sahəsindəki yeni məlumatları əldə etməklə peşəkar səviyyəsini mütəmadi olaraq artıran tərcüməçi üçün kompüter vasitəsilə sifarişlər almaq, iş yerləri tapmaq, müəyyən konfranslara, seminarlara dəvət olunmaq imkanları yaranır.

    Yuxarıda deyilənlər tərcümə fəaliyyətində kompüterin getdikcə daha çox əvəzolunmaz bir vasitəyə çevrildiyini sübut edir. Nəticədə, tərcüməçi hazırlığında kompüter vərdişlərinə dərindən yiyələnmək və bu sahədə bilikləri daim təkmilləşdirmək bir zərurət olaraq ortaya çıxır.