SƏLİM BABULLAOĞLU

Kənar göz ilə

 

1997-2004-cü illərdə Azərbaycanda tərcümə işinin vəziyyəti

(Azərbaycan Yazıçılar Birliyinin XI qurultayı üçün məruzə)

 

Mənbə: «Dünya ədəbiyyatı» dərgisi, 2004, may

 

Fevralın 25-də ölkə yazıçılarının növbəti ümumi toplantısı - XI qurultayı ərəfəsində Yazıçılar Birliyində daha bir tədbir, ədəbi canrlar üzrə sonuncu yaradıcılıq müşavirəsi keçirildi. Bədii tərcümə məsələlərinə həsr olunmuş Yaradıcılıq Müşavirəsini AYB sədri, xalq yazıçısı Anar açdı, ədəbi-mədəni ictimaiyyətin nümayəndələrini - yazıçıları, tərcüməçiləri, filoloq-alimləri, curnalistləri salamladı və məruzə etmək üçün sözü şair-tərcüməçi Səlim Babullaoğluna verdi.

Natiqin qurultaylararası dövrdə milli bədii tərcümə sənətinin ümumi mənzərəsinə həsr olunmuş məruzəsi dinlənildikdən sonra müzakirələr başlandı. Müzakirələrdə f.e.doktoru, tərcüməçi Zeydulla Ağayev, "Ədəbiyyat" qəzetinin baş redaktoru Ayaz Vəfalı, tənqidçi Əsəd Cahangir, şair Sərvaz Hüseynoğlu, Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu, "Mütərcim" curnalının baş redaktoru Telman Vəlixanlı, şair-tərcüməçi Abbas Abdulla, yazıçı-tənqidçi Aydın Xanbilov), şair-publisist Tofiq Abdin, "Azərbaycan" curnalının baş redaktoru İntiqam Qasımzadə, şair-tərcüməçi Eyvaz Borçalı, Azərbaycan Tərcümə Mərkəzinin rəhbəri, yazıçı Afaq Məsud, yazıçı Elçin Hüseynbəyli və başqaları çıxış etdilər, məruzə ətrafında fikirlərini bölüşüb tərcümə işi ilə bağlı çağdaş durumun problemlərinə diqqət yönəltdilər.

Məruzənin tam mətnini diqqətinizə çatdırırıq.

 

Hörmətli sədr!

Hörmətli katiblər!

Xanımlar və cənablar!

Dostlar!

İnsan həyatının və fəaliyyətinin bütün əsas hadisələri ilk baxışdan başqa cürə görünsə də həmişə təklikdə baş verir. İstisnalar yoxdu, nədən ki, bunu insanın doğuluşu və ölümü diqtə edir: hətta cütləşəndə belə insan təkdi; hətta qətliamlarda belə insanlar fərd kimi ölür. Yəqin bu səbəbdəndir ki, bizim düşüncəmiz birinci şəxsin təkində daha mütəhərrik və işləkdi. Əslində "bizim düşüncəmiz" deyib də mən daha çox bir nəfəri - özümü nəzərdə tuturam və siz bunu bilirsiniz. Bilirsiz ki, nəzakət xatirinə olan bu əvəzliyin indiki halda yalnız tərcümeyi-halını "Mən, Səlimov Səlim Babulla oğlu 1972-ci ildə anadan olmuşam" kimi izhar edə bilən adama dəxli var. Ona görə də auditoriyanı bu sayaq eqoist girişli məruzəyə dözümlü olmağa çağıran səbəblərlə, məruzəni daha predmetli sonrayla davam eləməyə sövq edən səbəbin eyniliyini bölüşmək məqamıdı. Belə ki, auditoriya sözünün yalnız yer və məkan bildirən çalarına - bu ölü dilin cansız isminə əhəmiyyət verməsək, bu yerdəki çoxluq - kollektiv, fərd-fərd və tək-tək daha görünən, daha çox, daha diri, daha anlayan olur; kollektiv eşitmə olmadığından kollektiv üçün danışma da yoxdur - mən bunları anlayıram və sizin hər biriniz bilir ki, illər, canrlar, nəşrlər və s. və s. bölgülər altında nə qədər ümumiləşdirmə aparılsa, siyahılar tərtib olunsa belə söhbət təklərdən və onların gördüyü işlərdən gedəcək. Təklərin işindən təklər üçün danışmaq imkanı bu gün mənə verildiyinə görə qürur duyur, bu imkanı verənlərə təşəkkür edirəm.

Əziz dostlar

Ədəbiyyat mübhəmlikdi, təkliyin və təklərin işidi - bunu bilirsiz. Ədəbiyyat həm də tərcümədir: sən həyatı - ayrı-ayrılıqda görünməz, qoxusuz, rəngsiz zərrələrdən ibarət olan günəşi, buludu, ağacı, binanı, dilsiz və sözsüz reallığı öz doğma dilinə - sənə verilən dilə çevirirsən. Mütərcimlik isə iki mübhəmlik gücündə təklik, iki təklik qədər mübhəmlik, iki dəfə yazıçı işi, iki dəfə ədəbiyyatdır. Burda əyləşən yazıçı və tərcüməçilər onu da bilir ki, təzə söz yox, təzə tərz var; və bizim hər birimizin - daha çox burda olmayanların ən azı gördüklərimizi fərqli adla çağırmaq, onlara heç olmasa təxəyyül və reallığın fərqli situasiyalarında baxmaq, bununla da mütəmadilikdən və adilikdən qurtarmaq haqqı var. Ədəbiyyat isə bəzən görmədiklərimizi də duyurandır. Bu haqları və imkanı bizə qazandıran bir dəfə həmin ədəbiyyatı yazmaqdısa, dünya ədəbiyyatından tərcümə etmək də ona bərabərdir. Əslində "dünya ədəbiyyatı" söz birləşməsi kimi tərcümə prosesinin doğurduğu "neologizmdi". Elə bu da bizim tərcümə ilə bağlı vəziyyətə göz yetirməyimiz üçün yetərlidi, olsun ki, təklərdən birinin - bir nəfərin gözü ilə. Və mən 97-ci ildən - yazıçıların sonuncu qurultayının keçirildiyi o ildən bu yana baxmaq üçün daha əvvələ qayıdacam.

Müəlliməmiz xəstələndiyindən əlifba ilə tanışlığımızın qeydi gecikdi, əlifba bayramını 2 ay sonra - 80-ci ilin yanvarında qeyd elədik. "Aleksandrovskiy list" adlanan iri ağ vərəqlərin dörd bölünmüş və hərflərin böyük-böyük yazıldığı hissələri boynumuzdan asılmışdı. O vaxt həmin hərfləri asanlıqla gəzdirəndə biz insanın ömrü boyu söz gəzdirdiyini, söz danışdığını və qoyub getdiyinin də elə söz olduğunu bilmirdik.

29 uşaqdan yalnız üç nəfəri iki-iki hərf asmışdı boynundan. Payıma düşən "y" və "k" indiyədək yadımdadı: atamın kitabxanasındakı bitməz-tükənməz saydığım kitabları oxumağa hazırlaşır, yazmağı - əslində hərflərin üzünü köçürməyi öyrənmişdim. Yeri gəlmişkən, bizim hamımızı əlifba kitabından "hərfi tərcümədə", təsirlənməkdə və plagiatlıqda ittiham etmək olardı: ümumiyyətlə isə insanın bütün fəaliyyətlərini öyrənmək yox, öyrəşmək sözü altında ümumiləşdirmək daha düzdü, məncə; "biz az şey öyrənir, çox şeyə öyrəşir, hər şeyi unuduruq ki, vərdişlər bir yana, unutqanlığımız öyrəndiklərimizin belə gərəkli olduğunu sual altına alır. Danışmağı dilsizliyin səhvi, yazmağı bu səhvin sonrakı adı, sonuncu aqibətimiz olan susmağı həmin səhvin gecikmiş etirafı saysaq - yalnız etiraf və ilkinlik təəssüratı bir az təskinlik gətirir. Bu söylənilənləri isə eləcə sentensiya saymayın, nədən ki, son illər - xüsusən məruzənin əhatə elədiyi dövrdəki "dünya ədəbi prosesi" və bizdə tərcümə edilən mətnin seçimiylə bağlı əcaib meyllər məni əndişələndirir: qısası, tərcümə prosesində indiyə qədərki boşluq və gecikmələr sonradan müəllif və mətnlərin ucdantutma, seçimini sürətli və keyfiyyətsiz tərcümələrini doğurur. Qabağa qaçsam da toxunduğum məqamın bundan sonrakı ədəbi prosesdə və tərcümə işində ən ciddi problem olduğunu, artıq öz mənfi, şər simptomlarını büruzə verdiyini qeyd etməliyəm. Əslində yalnız bununla da kifayətlənirəm. Kökündə "ədəb" və "mahiyyət" dayanan ədəbiyyatla kökündə "hərf" və "mətn" dayanan literatura qarşıdurması yaranır, unudulur ki, ədəbiyyatın içində bir daha çox estetik mahiyyəti olan "dəb" kəlməsi də var. Və ədəbiyyatın perspektivi (?) "nə?" sualına yalnız doğru cavab tapmış yazarın "necə?" sualına cavab axtarışlarıyla bağlıdır. Yalnız bu haldakı dəbi! tendensiyanı, sonda isə klassikanı doğru etik seçim etmiş kəslərin uğurlu estetik baxışları yaradır: gələcək geridən keçir.

Və mən "Lemyuel Qulliverin Liliputstana səyahəti"ni, "Qaraqantua və Pantaqruel"i, "Üç müşketyor"u, "Başsız atlı"nı, "Dəfinələr adası"nı, "Kapitan Qrantın uşaqları"nı oxuyanda bütün bunları bilirdim. Bilirdim ki, Servantes, Svift, Raspe, Stivenson, Dikkens, Defo, Rable, Düma və Cül Vernlə mənim - oxucunun arasında Mikayıl Rəfili, Ənvər Məmmədxanlı, Mikayıl Rzaquluzadə, Cabbar Məcnunbəyov, Əkrəm Əylisli, Adil Əfəndiyev, Pənah Xəlilov, Əkbər Ağayev, Ələviyyə Babayeva, Rəfiqə Hüseynova, Şəfiqə Ağayeva, İsgəndər Nəfisi, Sabit Rəhman, Aydın Abdullayev, Əhəd Muxtar, Arif Acalov və başqaları dayanır. Mən bu gün onların hamısına - aramızda olanlarına da, olmayanlarına da, uşaqlığımızı əsrarəngiz etdiklərinə görə, təşəkkür edirəm. Ümumiyyətlə isə bu təşəkkür və yadetmənin hamıya, Azərbaycan ədəbiyyatında ilk tərcümə örnəyinin müəllifi - böyük İmadəddin Nəsimiyə, XX əsr Azərbaycan ədəbiyyatının, xüsusən poeziyamızın, demək olar ki, bütün nümayəndələrinə, klassiklərimizə, bugünümüzə - modern qəzəllər yazan və mütərcimlik edən İlqar Fəhmiyə də dəxli var. Əgər elə şair və yazıçı varsa ki, o, tərcümə etməyib, deməli o bunu ya edəcək, ya da "istehlakçı" kimi o bunu başqa cür - sitatlar gətirmək, improvizələr etmək və təsirlənməklə artıq edib.

Hörmətli xanımlar və cənablar!

Sözü, bədii mətni zamanın paraleli, zamanın proyeksiyası, hətta zamanın özü də saymaq olar. Uşaqlığımızın ən yaxın, ən sevimli sirdaşı olan nağıllardakı bir cümlənin içindəcə bir insan ömrünün necə yarıya yetdiyini, bitdiyini, uzaq məsafələrin bir andaca necə qət edildiyini hamımız yaxşı xatırlayırıq, amma o adlar, o yerlər, o hadisələr bizimkidi, doğmadı. Tərcümə mətni isə bizə paralel dünyalara sirayət etməyə, bütün coğrafi-inzibati baryerləri həmən aradan qaldırmağa icazə verir. Fövqəlcoğrafi hadisə kimi mütərcimlik hamıya həmişə hər yerdə olmaq imkanı qazandırır. Necə ki, mən 20 il əvvəl Bakıdan 120 km cənubda çarpayıda arxası üstə uzanır, evimizin yaxınlığından keçən dəmiryol xəttinə doğru şəklənir, qatar keçərkən gözümü yumub çarpayının dəmir torunda özümü yellədir, bununla da qatarda olmağımı imitasiya edir, elə həmin qatarla əvvəl sinəmə açıq vəziyyətdə sıxdığım kitabın içindən keçir, sonra Avstraliya səhralığında hərəkət edir, kapitan Qrantın göndərdiyi məktubla bağlı huşsuz Paqanellə mübahisələr edirdim. 1980-ci ildə, yaxud bir az sonra mən XIX əsr Avropasına, Avstraliya və Amerikaya səyahət etməkdəykən, italyan yazıçısı Umberto Eko daha əvvələ - orta əsrlər İtaliyasına səyahətdən əlidolu geri dönürdü: onun qovluğunda çoxqatlı və çox maraqlı detektiv sücet, fəlsəfi oyun, orta əsrlər leksikası ilə zəngin dil, monastır kitabxanalarının sirri var idi; "Qızılgülün adı" romanı sonradan Avropa prozasının yeni və əsas təmayüllərindən birini müəyyənləşdirdi ki, gələcək geridən keçirdi. Bu, həmin dövr idi ki, Lesli Fidler və Çarlz Cenksin, Liotar və Rolan Bartın postmodernist ideyaları ədəbi intellektualların beynini dumanlandırır, kütləvilik və elitarlıq arasındakı uçurum doldurulur, hamarlanırdı.

Digər tərəfdən, dünya üçün artıq tanınmış adlar - Çeslav Miloş, Elias Kanetti, Uilyam Holdinq, İosif Brodski, Oktavio Pas, Nadin Qoldimer, Milorad Paviç, Milan Kundera, Artur Kestler, Derek Uolkott, Kendzaburo Oe, Şeymas Xini, Vislava Şimbroska  mütləq mənada təsdiqlənir, ölçüyə çevrilir, az sonra da modernistlər adı ilə təsnifləşdirilir, onların haqqında keçmiş zamanda, özü də hələ ki, nə olduğu sonadək aşkarlanmayan postmodernist ironiya ilə danışmağa başlayırdılar.

Dünya yeni adların və əsərlərin girdabına düşürdü: Günter Qrass, Paviç, Can Filip Arru Vinyö, Can - Mark Rober, Fransin Prouz, Mişel Uelbek, Kadzuo İsiquro, Günter Fraytaq və s. adlar müxtəlif aylıq və illik bestsellerlər siyahısına başçılıq edirlər. "Ən yeni romanın" ən yeni nümunələrini yaradırdılar. Elə bizə qonşu Rusiyada da məhz bu dövrdə - 80-ci illərin ortalarından bu yana Priqov, Lev Rubinşteyn, Mamleyev, Nekrasov, Kibirov, Sorokin, Sokolov, Pelevin, Pavlova və Vodennikov kimi yazıçı və şairlər konseptual, postkonseptual sənət ideyalarını yayır, təbir və poetika etibarilə postmodernistlərə yaxınlaşmaqdaydılar ki, indiyədək adıçəkilən müəlliflərin böyük əksəriyyəti, həmin böyük əksəriyyətin yazdığı xarakterik əsərlər hələ də dilimizə tərcümə olunmayıb. Mövcud tərcümələr isə fraqmentar xarakter daşıyır.

Dostlar, məruzə əslində bir suala cavab axtarır: tərcümə işinin vəziyyəti necədir? Mənim yadıma Norveç yazıçısı Borgenin "Fransız romanı" essesi düşür. Borgen yazırdı: "Nəhayət ki, cavan, amma yetərincə təcrübəli fransız yazarı Alber Kamünün "Taun" romanı Norveç dilinə tərcümə olundu". Essenin sonrası ilə işimiz yoxdur. Sadəcə, yazıldığı tarixi xatırladım. 1949-cu ildə yazılıb bu esse. Romanın ilk fransız nəşrindən iki il sonra. Vur-tut iki ildən sonra. Əslində, əhəmiyyətli əsərlərin Avropadakı tərcümə sürəti və nəşri indi 4-5 aydan çox çəkmir. Amma nəzərə alsaq ki, o dövrdə internet yox idi və Norveç də Fransa kimi müharibədən çıxmışdı, situasiya aydın görünər. Həmin romanın rus tərcüməsi ilə Norveç tərcüməsi arasında təxminən 15 il fərq var. Bizə isə 52-53 il lazım gələcəkdi ki, həmin romanı dilimizə çevirək.

Yeri gəlmişkən, məruzənin əhatə elədiyi dövrün bizcə ən uğurlu nəşrində - "Azərbaycan milli ensiklopediyası" nəşriyyatının Hamlet Qocanın tərcümələri və tərtibatı əsasında 2000-ci ildə çap etdiyi "Fransız ədəbiyyatı antologiyası (XIX-XX əsrlər)"na həmin romandan bir parça daxil edilib ki, Azərbaycan oxucusu elə H.Qocanın tərcüməsinin curnal nəşrindən başqa hələ də "Taun"u oxuya bilmir. Belə faktlar çoxdur. Misal üçün, C.Coysun 1914-cü ildə işıq üzü görən "Dublinlilər" kitabındakı "Ölülər" povesti Azərbaycan oxucusuna yalnız 1983-cü ildə - bir il əksiklə 70 ildən sonra Vilayət Quliyevin oricinaldan tərcüməsində yetişə bildi. Amma "Uliss" hələ də dilimizə tərcümə edilməyib. Bir az keçsə biz həmin əsərin tərcümə olunmamasının yüzilliyini də qeyd edə bilərik. Təbii, mən bununla heç də onu demək istəmirəm ki, əgər Çində il ərzində 600 roman çap olunursa, biz bütün bu əsərləri dilimizə çevirməliyik. Amma tutalım Çin mənşəli Qao Sinsianın nə yazdığını və necə yazdığını bilmək vacibdir. Elə əsərlər var ki, onlar yüzilliyin diaqnozunu qoyur, dünya ədəbi səhnəsində təyinedici funksiya daşıyır. Tutalım, Coyssuz, Bekketsiz, Kamüsüz XX əsr nəsrinin tam səhnəsini yaratmaq mümkün deyil.

Tərcümə mövzusu ilə bağlı məndən 7 il əvvəl çıxış etmiş Mahir Qarayevin məruzəsinin bir məqamını parafraz etmək istərdim: "...Meksika yazıçısı Xuan Rulfonun "Pedro Paramo" romanını dilimizə çevirmiş istedadlı gənc nasir Yaşar və adını çəkmədiyim digər tərcüməçilər çevirdikləri əsərləri çap etdirə bilmirlər..."; yaxud məruzənin başqa bir yerində həmkarım Əlişir Nəvainin "Leyli və Məcnun" poemasının Ayaz Vəfalı tərəfindən qədim özbək dilindən çevrildiyini xatırladır. Mən Yaşarın 29 noyabr 2003-cü il tarixdə "525-ci qəzet"də Bəsti Əlibəyli ilə söhbətindən belə başa düşdüm ki, çox əhəmiyyətli bir əsər dilimizə tərcümə olunsa da hələ də çap olunmayıb. Yaxud, tərcüməçilərimizin daha yaşlı və professional təbəqəsini təmsil edən Ayaz Vəfalı zəhməti də ayrıca bir kitab kimi oxucularına çatmayıb. Ola bilər ki, kimsə "çap olunacaq" deyə bilər, amma mən bu günə qədərki vəziyyətdən danışıram. İndiyədək  pessimist ovqatla deyilənləri belə ümumiləşdirmək olar ki, biz tərcümə işində dünya söz sənətindəki prosesləri izləmək baxımından ən azı 30-40 il geridə qalırıq. Və konkret bir yazıçının əsaslı irsini tərcümə etmək baxımından vəziyyət ölü nöqtədədir və bu haqda heç danışmağa da dəyməz. Ona görə də mən məruzənin əhatə etdiyi dövrün, bayaq qeyd etdiyim kimi, fraqmentar işləri, -  uğurlu nəşrlər, tərcüməyə yer ayırmış qəzet və dərgilər, bu sahədə zəhmətə qatlaşmış tərcüməçilər haqqında danışmaq istəyirəm.

1997-ci ildən bu yana ədəbiyyat çap etməyə mükəlləf olan Yazıçılar Birliyinin ədəbi orqanları - "Azərbaycan" və "Ulduz" dərgiləri, "Ədəbiyyat" qəzeti ilə yanaşı, ölkənin bir çox müstəqil mətbuat orqanları - "Cahan", "Mütərcim", "Mars", "Aran" curnalları, "Yeni Azərbaycan" qəzetinindəbiyyat" əlavəsi, "Ədalət" qəzetinin ("Körpü", "Alatoran", "Pərvanə", "Turan", "Karvan", "Üçüncü ədəbi hərəkat") ədəbi buraxılışları, "Azadlıq", "525-ci qəzet", "Ulus", "Palitra", "Ekspress", "Ruh" qəzetləri ədəbiyyata, həmçinin, tərcüməyə əhəmiyyətli yer ayırdılar ki, bu da bütövlükdə ədəbiyyata olan marağın göstəricisi sayıla bilər. Tərcümə olunan materialların böyük kütləsi də məhz həmin müstəqil KİV-in üzərinə düşürdü. Bunu həmin mətbu orqanlarının daha çoxtiraclı olması, həmçinin, yeni ədəbi təmayüllərə münasibətdə daha açıq mövqe tutması ilə bağlamaq olar. Amma bir məqamı da qeyd etmək istəyirəm ki, elə müstəqil KİV-in ədəbiyyata yer ayırması bu qəzet və curnalların tiraclarının artmasına az xidmət göstərməyib.

Həmin dövrdə "Azərbaycan" curnalında Qədir İsmayılın tərcüməsində Yaşar Kamalın "Ağrıdağ əfsanəsi", Saday Budaqlının tərcüməsində "İnildəyən dağ", Arif Əmrahoğlu və Paşa Əlioğlunun tərcümələrində Kamal Tahirin "Yorğun savaşçı", Reha Çamuroğlununsmayıl", Ələviyyə Babayevanın tərcüməsində Ceyms Qrinvudun "Balaca səfil", Hamlet Qocanın tərcüməsində Ümbülbanunun "Paris günləri" və Marsel Emenin "Vuivra" romanları, Abbas Abdullanın tərcüməsində Mikola Vinqranovskinin "Yerdəyişmə" povesti, A.Puşkin və İ.Bunin, B.Pasternak və M.Svetayeva, V.Popov və T.Tolstoya, A.Andreyev və A.Apuxtin kimi rus müəlliflərinin şer və nəsr nümunələri, çağdaş türk şairləri Edip Cansevər və Kiçik İsgəndərin şerləri çap olundu ki, həmin tərcümələri Azərbaycan oxucusuna Siyavuş Məmmədzadə, Siyavuş Sərxanlı, Tofiq Abdin, Məmməd Alim, Azər Abdulla, Rafiq Tağı təqdim etdilər.

Eyni natamamlıqla və eyni dövrdə "Ulduz" curnalında nə baş verdiyinə göz yetirək. Höte və Uitman, Uayld və Akutaqava, Coys və Lourens, Züskind və Misima, Folkner və Heminquey, Nabokov və Buzzati, Markes və Çoxeli, Mereckovski kimi tanınmış müəlliflərlə yanaşı çağdaş türk şairləri - Çingiz Bektaş, Günel Altıntaş, Engin Aşkın, Atilla Birkiye, Erdal Doğan, Əhməd Ada, Oya Uysal və başqalarının hekayə və şerləri çap olundu. Və bu tərcümə yükünün əsas hissəsi Nəriman Əbdülrəhmanlı və Paşa Əlioğlunun çiyinlərinə düşsə də həmin tərcümələrin sonunda Çingiz Əlioğlunun, Abbas Abdullanın, Məmməd Alimin, Oktay Heydərin, İlqar Fəhminin, Ağca Qasımova və Mehman Musabəyovun da imzaları göründü.

Bu yerdə iki tərcüməçi müəllifin - Nəriman Əbdülrəhmanlı və Paşa Əlioğlunun üzərində dayanmaq istəyirəm. Nəriman gürcü ədəbiyyatından dilimizə tərcümələr edən ən məhsuldar mütərcimdir: o, bu illər ərzində Otar Çeladzenin iri həcmli "Uçuruma çıxaran adam" romanını, Tomaz Çeladzenin "Durna", Merab Abaşidzenin "Kvazimoda" povestlərini, Qoderzi Çoxeli yaradıcılığının əhəmiyyətli hissəsini, eyni zamanda, dünya ədəbiyyatından seçmələr şəklində 30-a yaxın hekayəni dilimizə çevirib. Çağdaş gürcü nəsrinin 20 çap vərəqi həcmində antologiyasını hazırlayıb. Orxan Pamukun "Mənim adım qırmızı" romanı Nəriman Əbdülrəhmanlının son iri həcmli tərcümə işidir ki, sadalanan tərcümələrin xüsusən kitab şəklində oxuculara çatması - bir az ritorikaya varsaq elə çatmamasıda bu illərdəki "tərcümə işinin" altı qırmızı xətlə cızılmalı olan əsas problemidir. Eyni problemlə Paşa Əlioğlu, daha doğrusu, onun tərcümə etdiyi bayaq sadalanan romanlar, həmçinin, İldəniz Qurtulanınmim Hamlet" romanı da üzzədir.

Yazıçılar Birliyinin mətbu orqanları arasında sonuncu danışmaq istədiyimdəbiyyat" qəzetidir. Qəzetin bu yöndə işinin əsas və fərqli məqamı məncə, beynəlxalq ədəbi əlaqələr, görüşlər, səfərlər, ədəbi təbliği məsələlərlə bağlı məqalələr, ölkəmizin qonağı olan nüfuzlu yazıçı və alimlərlə söhbətlər və müsahibələrin çap olunmasıdı. Mən Azərbaycan-Türkiyə, Azərbaycan-Fransa, Azərbaycanngiltərə, Azərbaycan-Rusiya və başqa yarımbaşlıqlı publikasiyaları xatırlayıram. Moskvada yaşayan həmyerlimiz Samid Ağayevin "7-ci yetkin" romanından parçaları (tərc.: Məmməd Oruc), İldəniz Qurtulanınmim Hamlet" romanının hissələrini, Məmməd Alimin və Ədalət Əsgəroğlunun tərcümələrində XX əsr rus klassik poeziyası nümunələrini, görkəmli rus şairəsi Rimma Kazakova ilə Aydın Xanın müsahibəsini xatırlayıram. Tofiq Hacıyevin, Nizami Cəfərovun, Tahirə Məmmədin imza qoyduqları resenziya, beynəlxalq ədəbi tədqiqatlar və görüşlərlə bağlı yazıları xatırlayıram. Lap elə bu günlərədək nəşrini izlədiyim bir yazını - Semuel Uimzin "Ermənistan-terrorçu xristian ölkənin gizlinləri" əsərinin Zeydulla Ağayevin tərcüməsindəki hissələrini xatırlayıram. Bütün bunlardan sonra yalnız bir şeyi qeyd etmək istərdim: hər üç mətbu orqanı kifayət qədər mətn çap etsə də yalnız onlara təqdim olunan materiallarla kifayətlənmiş, çağdaş ədəbi prosesi izləyib tərcümə və məqalə sifarişi verməmiş, bu yöndə heç bir canatım göstərməmişlər ki, bu da onların tərcüməyə yer ayıran ədəbi mətbu orqan kimi sifətini natamam edir. Adi bir ştrix: şair Çingiz Əlioğlunun tərcüməsində və tərtibatında "rus minimalist şerindən olan seçmələr" fərqli variantlarda həm "Azərbaycan", həm "Ulduz" dərgisində çap olunmuşdur ki, mənim qənaətimcə həmin tərcümələr "şüvələk" "Ulduz" dərgisində daha oxunaqlı görünürdü. "Ədəbiyyat" qəzeti isə dövrülüyü baxımından daha operativ olsa da dünya ədəbi səhnəsində baş verənləri izləmək, həmin hadisələri informasiya kimi çatdırmaq missiyasını uğurla yerinə yetirməmişdir. Görünür, bütün bunlar tərcümə materiallarının və tərcüməçilərin daha çox müstəqil KİV-lərdə təmərküzləşməsi ilə nəticələnmişdir.

1997-ci ilin sonu, 1998-ci ildə nəşr olunan "Cahan" curnalı tərcümə işində əhəmiyyətli hadisə sayıla bilər. "Xəzər" curnalından və "Yol" qəzetindən sonrakı boşluqda cəmi 4 nömrəsi çıxan curnal ədəbi çevrələrdə populyarlıq qazanır, çağdaş milli ədəbiyyatla yanaşı tərcüməyə önəmli yer ayırır, Allen Rob-Qriye, Can Liotar, Mişel Bütor, Ernst Kassier, Yunq, Po, Ancel Bursa, Xorxe Luis Borxes, Unamuno, Qumilyov və onlarla başqa müəlliflərin kiçik həcmli əsərləri çap olunur. Məsiağa Məhəmmədinin rəhbərliyi ilə dərgiyə çoxlu tərcüməçi yazarlar cəlb olunur. Cavanşir Yusifli, Gülnarə, Sərxan, Sevda, Natiq Rəhimov, Mirzağa Nəcəfov, Mikayıl Yaqubzadə kimi cavan tərcüməçilərin imzaları görünməyə başlayır. Mübariz Əlizadə, Vilayət Quliyev, Nizami Cəfərov, Natiq Səfərov, Fəridə Hacıyeva, Adil Mirseyid, Zahid Əhmədov kimi tanınmış alim və mütərcimlər də "Cahan" curnalı ilə əməkdaşlığa başlayır. Curnalın məziyyətlərindən biri də əməkdaşlıq etdiyi müəlliflərin dünya ədəbi prosesləri ilə bağlı məqalələrini çap etməsi idi. Cavanşir Yusiflinin "Bədii mətnin sirləri", Əsəd Cahangirin "Babil qülləsi", Məsiağa Məhəmmədinin "Nizami və İmam Qəzzali", Aydın Talıbzadənin "İşıq və kölgə" və s. məqalələrini xatırlamaq yerinə düşərdi.

Əhatə olunan dövrdə tərcümə işi ilə ardıcıl və mükəmməl məşğul olan Bakı Slavyan Universiteti və "Mütərcim" tərcümə mərkəzinin təsisçiliyi ilə nəşrini indiyədək davam etdirən "Mütərcim" curnalıdır. Bu vaxta kimi 26 sayı çap olunan dərgini yeganə ixtisaslaşmış tərcümə curnalı saymaq olar. Hərçənd tiracı da, bir az da akademik-pedoqoci yönü curnalın yalnız professional çevrələrdə oxunaqlı olduğundan xəbər verir. Oxucu curnal vasitəsilə Fernando Pessoa, Lorka, Kobo Abe, Beyts, Can Pol Sartr, Qrem Qrin, Vitezslav Nezval, Eliot, Haşek, Morua, Nikolay Rubtsov, Du Fu, Yevtuşenko, Nodar Dumbadze və onlarla başqa müəllifin əsərləri ilə tanış olmuşdur ki, Maqsud Hacıyev, Siyavuş Məmmədzadə, Asif Hacıyev Çərkəz Qurbanlı, Mikayıl Cəfər, Səfər İsgəndərov, Aydın Tağıyev, Aydın Uluxanlı, Aygün Əziz, Elçin Mehri kimi tərcüməçi müəlliflərin zəhməti hesabına başa gəlmişdir bütün bunlar. Curnalın fərdi məziyyətlərindən biri bəzən bədii mətnləri paralel iki dildə - oricinalda və tərcümədə təqdim etməsidir ki, həm tərcümənin səviyyəsini müəyyənləşdirmək istəyənlər, həm də tərcüməçilik sənətini öyrənmək istəyənlər üçün bundan yaxşı fürsət ola bilməz. Curnalın fəaliyyəti dövründə təqdim olunan əsərlər sırasında Sabir Mustafanın tərcüməsində Şeksprin "Maqbet" və "Hamlet" dramlarını, Dostoyevskinin "Karamazov qardaşları" romanının bir hissəsini, Albert Kamünün Cavanşir Yusiflinin tərcüməsində təklif olunan "Taun" romanından parçaları xüsusilə xatırlatmaq istərdim. Mütərcimin daha bir fərdi xüsusiyyəti "Tərcümə sənəti" başlığı ilə təqdim etdiyi elmi məqalələrdir. İlyas Həmidovun "Paremiloci vahidlərin tərcüməsinin bəzi məsələləri", Səməd Seyidovun "Yaradıcılıq paradoksları", Ataəmi Mirzəyevin "Klassik Azərbaycan ədəbiyyatında bədii tərcümə prinsipləri", Hidayətinmir Məmmədlinin tərcüməsindəki "Pələng dərili cəngavər"" məqalələri bu sıradandır.

"Yeni Azərbaycan" qəzetinin buraxılışını müvəqqəti olaraq dayandırmış "Ədəbiyyat" əlavəsi son vaxtlaradək həm professional çevrələrdə, həm də ədəbiyyatsevər oxucular arasında səbirsizliklə gözlənən nəşr kimi yadda qalıb. Ədəbi mühitin  müxtəlif qruplarına, təmayüllərinə ayrı-seçkilik qoymadan yer ayırandəbiyyat" əlavəsi nəşr olunduğu müddətdə tərcümə ilə bağlı xeyli işlər görə bildi. Höte, Basyö, Herbert Uels, Markiz de Sad, Rene Genon, Eliot, Nazim Hikmət, Mensfild, Brodski, Kazantsev, Vısotski, Mixael Veller, Zatonski, Dugin, Umberto Eko, Yusif Akçura, Sunay Akın və onlarla başqa müəlliflər "Yeni Azərbaycann oxuculara təklif etdiyi müəlliflərin heç də tam siyahısı deyil. Azər Turan, Xanəmir, Elçin Hüseynbəyli, Xan Rəsuloğlu, Şərif Ağayar, Əsəd Cahangir, Fuad Həsənoğlu, Samir Sədaqətoğlu, Oqtay Hacımusalı, Qoca XalidTahirə Məmmədli, Ayşə, Könül Məmmədova və Ramiz Abbaslı "Ədəbiyyat" əlavəsinin həm də daimi tərcüməçi müəllifləri idi.

Qəzetlərin sırasında sonuncu danışmaq istədiyim Mədəniyyət Fondunun təsisçiliyi ilə çıxmış "Ruh" qəzetidir ki, ötən il nəşrə başlayan və təəssüf ki, nəşrini dayandıran qəzet dünya ədəbi prosesi haqda operativ və maraqlı informasiya dərc edən, eyni zamanda tərcümə məsələlərinə xüsusi önəm verən nəşr kimi yadda qaldı. Salamın və Etimad Başkeçidin xüsusi zəhməti ilə başa gələn bu qəzet oxucuların və sizlərin yaxşı tanıdığınız mütərcimlərlə - Asif Hacıyevlə, Mahir Qarayevlə, Cavanşir Yusifli, Sevda, Nailə Məmmədxanlı, Rövşən Ramizoğlu, Tünzalə, Tərlan Əngin kimi professional və gənc tərcüməçilərlə işlədi. Asif Hacıyevin tərcüməsində İlya Erenburqunnsanlar, illər, həyat" əsərindən ixtisarla olan publikasiyaları, Celyu Celevin "Faşizm" əsərinin Rövşən Ramizoğlunun tərcüməsindəki versiyasını, Sevdanın Avropanın qadın ədibləri haqda hazırladığı silsilələri, Nailə Məmmədxanlının yeni əcnəbi nəşrlər haqda məlumatlarını, yeni ədəbi düşüncə tərzi ilə bağlı yazıları indi mən xüsusi ilə qeyd edirəm.

Tərcümə sahəsində iş görmüş az əvvəl adlarını çəkdiyim mətbu orqanları ilə əməkdaşlıq edən bəzi mütərcim həmkarlarımın işini xüsusilə qeyd etmək istərdim.

Adil Mirseyid bu dövr ərzində dünya poeziyası incilərinin, fikrimcə, ən ardıcıl və ən poetik mütərcimi sayıla bilər. Onun oxuculara təqdim etdiyi müəlliflər sırasında Orxan Vəli və Nəcib Fazil Qısakürək, Pol Valeri və Pol Elüar, Cəbran Xəlil və Lui Araqon, Blez Sandrar, Maçado və Voznesenskinin adları xüsusi əhəmiyyət kəsb edir.

Daha bir həmkarımız şair Ədalət Əsgəroğlunun rus klassik poeziyasından - Puşkin və Nekrasovdan, habelə Rafael Alberti və Federiko Qarsia Lorkadan etdiyi tərcümələr uğurlu poetik tərcümələr sırasına aid edilməlidir.

Azad Yaşarın tərcümə etdiyi müəlliflərin siyahısı, əsərlərin zaman və coğrafiya baxımından diapozonu onun məhsuldarlığının göstəricisi sayıla bilər: Cekson Pollok, Aleksis Lece, Tennesi Uilyams, Dmitri Priqov, Gi de Mopassan, Folkner, Jan Pol Sartr, Eduard Limonov, Ginzburq, Cey Uilson, Sorokin, Miroslav Holub, Sesar Valyexo, Tetsuo Miura bütün adlar deyil. Tərcümə olunmuş mətnlərin arasında "Adi istintaq" povesti kimi iri həcmlisi də var, şer və müsahibə də var ki, onların əksəriyyəti oxucu rəğbəti ilə qarşılanıb.

Mən daha bir neçə tərcüməçi həmkarım və tərcümə işləri barədə məlumat vermək istərdim ki, onların adı son illərin ədəbiyyat və tərcümə çap edən müxtəlif dərgi və qəzetlərində dəfələrlə görünüb.

İlqar Fəhmi dünya ədəbiyyatından tərcümələr edən yeni nəsl mütərcimləri arasında ən məhsuldarıdır. Onun Azərbaycan oxucusuna təklif etdiyi müəlliflər arasında Züskind, Misima, Dovlatov, Pelevin, Murakami, Buzzati ilə yanaşı, xüsusi qeyd etmək istədiyim Milorad Paviçdi ki, Paviçin "Xəzər sözlüyü" romanının tərcüməsi son illərin iri həcmli uğurlu işlərindən sayıla bilər.

Zahir Əzəmətin tərcüməsində Orxan Pamukun "Qar" romanı, Elçin Hüseynbəylinin tərcüməsində Markiz De Sadınoxbilmiş Tereza" romanları da bu illərin yeni və iri həcmli tərcümələri sayıla bilər. Hərçənd adı çəkilən əsərlər oxuculara natamam qəzet publikasiyaları şəklində çatıb.

Son illərin mütərcimliklə məşğul olan yeni nəslə aid daha bir nümayəndəsi Aydın Xandır ki, onun Borxes, Kavabata, Olcas Süleymenov, Sinyavski, Abbas Nizardan etdiyi prozaik tərcümələr bu illər ərzində həm YB orqanlarında, eləcə də "Cahan", "Mars", "Mütərcim" dərgilərində çap olunub.

Mariya Petrovix, Kseniya Nekrasova, Bella Axmadulina, Bulat Okudcavanın şerlərindən tərcümələr Sərvaz Hüseynoğlunun təqdimatında, Marşak və Rodari kimi uşaq müəlliflərindən olan tərcümələr isə "Pərvanə"çi gənc mütərcimlər Sevinc Nuruqızının və Aygün Bünyadzadənin təqdimatında oxuculara ünvanlandı.

Pərviz Yusif, Samir Sədaqətoğlu, Oqtay Hacımusalı, Nicat Məmmədovun adlarını çəkməklə mən qəzet və curnallardakı tərcümələrlə bağlı qeydlərimi bitirirəm. Oqtay və Nicatın daha çox əks variantda türk və rus dillərinə tərcümə etmələri məncə daha təqdirəlayiqdir.

Hörmətli xanımlar və cənablar!

Mən Azərbaycan ədəbiyyatı nümunələrinin dünya dillərinə tərcüməsi məsələsi haqqında müfəssəl danışmaq fikrində deyiləm. Təssüflə qeyd etməliyəm ki, bu sahədə adda-budda işlər görülsə də - konkret olaraq Anarın və Elçinin bəzi əsərlərinin Türkiyədə nəşri, "Koroğlu" dastanının gürcü dilinə tərcüməsi, Zeydulla Ağayevin, Çərkəz Qurbanlının, Oqtay Səmədovun və Telman Kazımovun Avropa dillərinə bəzi tərcümələrini nəzərdə tuturam, xüsusən maliyyə problemləri üzündən bu sahədə ciddi işlər görmək mümkün olmayıb.

Eyni zamanda mən dilimizə edilən tərcümələrin səviyyəsi haqqında da fikir deməkdən çəkinirəm. Çünki onların bəzilərini rus variantında oxumuşam, bir çoxu ilə isə tanış deyiləm (burada zövq fərdiliyinin də rol oynadığını bilirsiniz). Üstəgəl həmin əsərləri oricinalla müqayisə etmək imkanım da yoxdur. Yalnız ümumən bizim tərcümə məkanı üçün adiliyə çevrilmiş bir ənənəni təəssüflə qeyd edirəm: İndiyəqədərki tərcümələrin əksəriyyəti III dildən - rus dilindən olub. Poeziya nümunələrinin tərcüməsi ilə bağlı isə başqa ümumi və ziyanlı bir tendensiya haqqında danışmaq istəyirəm ki, bu da daha çox orta və gənc nəsil tərcüməçilərinə aiddir. Şer tərcüməsində daha çox mahiyyət, məzmun axtarmaq - yəni, daha çox məzmunu çatdırmaq istəyi, çox təəssüf ki, ciddi problemlər yaradır.

İndi isə icazə verin 1997-ci ildən bu yana nəşr olunmuş kitablar haqqında bacardıqca qısa məlumat verim. Qabaqcadan deyim ki, bu dəfə tərcümə nəşrlərinin demək olar hamısı oricinaldan edilib. Onlardan biri - Hamlet Qocanın tərcümə və tərtib etdiyi "Fransız ədəbiyyatı antologiyası" haqda yuxarıda qeyd etdim. Hesab edirəm ki, həm əhatəliliyinə, həm tərcümə səviyyəsinə, həm də poliqrafik keyfiyyətlərinə görə nəşr çox uğurludur. Stendal və Onore dö Balzakdan başlayaraq Corc Kulona qədər 42 fransız müəllifini əhatə edən mütərcimə əslində peşəkar bir kollektivin işini gördüyünə görə təşəkkür etmək istərdim.

Haqqında danışacağım növbəti kitab "Günəşi içənlərin türküsü"dür. Böyük Nazim Hikmətin türkdilli poeziya üçün hansı önəm daşıdığını söyləmək artıqdır. Sadəcə, mərhum Qədir İsmayıl və Anarın tərtibçiliyi, həmçinin, çevirməsi əsasında çap olunan bu nəşrin bir məziyyətini kitaba Anar tərəfindən yazılmış ön sözdən sitat gətirməklə qeyd etmək istəyirəm: "Bu uyğunlaşdırma əsasən fonetik səciyyə daşıyır - yəni, məsələn, kəlmələri "ben" əvəzinə "mən", "istiyorum" əvəzinə "istəyirəm" şəklində verirəm. Bir də eyni söz Türkiyə türkcəsində və Azərbaycan türkcəsində başqa-başqa mənaları daşıdığı üçün dəyişməli oldum... Cəmisi 2-3 belə kəlmədən başqa Nazim Hikmətin mətnləri lüğət tərkibi və sintaksis baxımından heç bir dəyişikliyə uğramamışdır". "Azərbaycan" nəşriyyatının poliqrafik baxımdan növbəti uğurlu işi haqqında zamanında danışıldığından burda dayanıram.

Mən ədəbi varislik, xronologiya prinsiplərini gözləyərək növbəti kitab - Rəsul Rzanın "Dünya ədəbiyyatından tərcümələr" antologiyası - nəşri haqqında danışmaq istəyirəm. Esxil, Xəyyam, Nizami Gəncəvi, Rumi, Petraka, Berns, Uitman, Ezval, Nuyama, Nəcib, Fazil Qısakürək və onlarla başqa şairlərdən olmuş tərcümələr daxildir bu kitaba. Məncə, bu nəşrin başlıca əhəmiyyəti oxucuya tərcümə olunmuş bədii nümunələri oxumaq imkanı verməsi ilə yanaşı, həm də Rəsul Rza yaradıcılığını tədqiq etmək baxımından da əhəmiyyətli sayıla bilər. Nədənsə, mən "Borxesin kitabxanasından" seriyası ilə olan bəzi əsərləri xatırladım. Anarın tərtibçiliyi ilə "Azərnəşr"də çap olunan bu kitab daha bir böyük şairimiz Xəlil Rza Ulutürkün "Rəsul Rzanın tərcümələri haqqında" məqaləsi ilə bitir.

Fransız ədəbiyyatından daha bir tərcümə nəşri də oxucuların ixtiyarına verilib. Bu dəfə fransız ədəbiyyatının klassiki Viktor Hüqonun şair-tərcüməçi Şamil Zamanın çevirməsində təklif olunanlümə məhkumun son günü", "Klot Qö", "Lükres Borcua" və "Mariya Tüdor" faciələri toplanmış maraqlı və əhəmiyyətli bir nəşr öz oxucusuna ünvanlandı.

İndi haqqında söz açacağım dörd nəşr "Azərbaycan" tərcümə mərkəzinin məruzənin əhatə elədiyi dövrdəki ən uğurlu işi sayıla bilər. "Qırmızı-qırmızı qızılgül" antologiyasının giriş sözündə Afaq Məsud yazır: "Bu kitab dünya ədəbiyyatının Azərbaycanda nəşri sahəsində tərcümə mərkəzinin öz oxucularının nəzərinə çatdırdığı növbəti, bəlkə də ən qiymətli nəşrlərindən biridir. Kitaba dünyanın 5 ədəbi korifeyinin - iki böyük Amerika yazıçılı Uilyam Folknerin və Ceron Selincerin, dünya modernist poeziyasının banilərindən biri Tomas Eliotun, məşhur ingilis şairi Robert Börnsün, Norveç ədəbiyyatının klassiki Henrix İbsenin seçilmiş əsərləri daxil edilmişdir". Kitabın iki əsas xüsusiyyətini - oricinaldan tərcümə olunmasını və tərcümə mətni ilə yanaşı oricinalının da təqdim olunmasını xüsusilə qeyd etmək istərdim ki, bu həm tərcümələrin səviyyəsini qiymətləndirmək istəyənlərə, həm də tərcümə sənətinə yiyələnənlərə Vaqif Bayatlı Önərin, Afaq Məsudun və Tehran Vəliyevin işinə qiymət vermək üçün yaxşı fürsətdir.

Tərcümə mərkəzinin növbəti işi "Ulduzların işığında" adlanır. Amerika, Böyük Britaniya, Ərəb, Yaponiya, Norveç, Rusiya və Türkiyə yazıçılarının hekayə və povestlərindən ibarət bu toplu 45 müəllifi əhatə edir. Orada Rey Bredberi, Cek London, Nəcib Məhfuz, Prişvin kimi Azərbaycan oxucusuna tanış müəlliflər də var, dilimizə ilk dəfə çevrilən müəlliflər də. Natiq Səfərov, Fərrux Rzayev, Xumar Ələkbərova, Səbinə Qurbanovanın zəhməti hesabına ərsəyə gələn bu nəşr Beynəlxalq Əməliyyat şirkətinin vəsaiti hesabına çap edilmişdir.

"Dünyanın səsi" Tərcümə Mərkəzinin bu dövr ərzindəki növbəti uğurlu işlərindən sayılmalıdır. Kitaba Amerika, Yaponiya, Rusiya, İngiltərə, Türkiyə, ərəb və norveç ədəbiyyatı nümunələri daxil edilmişdir. Oxucu burda Steynbek, Kapote, Zontaq, Platonov, Astafyev, Kavabata, Qrem Qrin, Ömər Seyfəddin, Nəcib Məhfuz kimi tanış müəlliflərin tanış olmayan əsərlərinin oricinaldan yüksək peşəkarlıqla çevrilmiş maraqlı əsərlərini oxuya bilərlər: əvvəlki nəşrlərdə olduğu kimi, Natiq Səfərov, Afaq Məsud, Fərrux Rzayev, Səbinə Qurbanova və Xumar Ələkbərovanın tərcüməsində.

"Məşhur olmaq ayıbdır" Mərkəzin haqqında söz demək istədiyim sonuncu işidir ki, bu kitabı daha çox V.Bnərin tərcüməsində rus və türk poeziyasından olan poetik tərcümələr toplusu hesab etmək olar

Bu dövrün məhsuldar tərcüməçilərindən biri də Çingiz Əlioğludur ki, onun Anna Axmatova və Marina Svetayevadan etdiyi tərcümələr - "Cənnətin qapısında" və "Yuxusuzluq" kitabları məncə bir şairin yaradıcılığını görmək, duymaq baxımından çox əhəmiyyətli nəşrlərdir. Şəxsən məni tərcümələrin səviyyəsi qane elədi. Xüsusən rus dilini zənginləşdirmiş və tərcüməsi çətin hesab olunan Marina Svetayevanın şerlərini ustalıqla tərcümə edən Çingiz Əlioğluna minnətdarlıq etməyə dəyər. Hesab edirəm ki, hər iki kitaba son söz yazmış Arif Əmrahoğlu haqlıdır, söz yaradıcılığına həssas Marina Svetayeva söz yaradıcılığına həssas Çingiz Əlioğlunun simasında öz uğurlu alternativini tapmışdır.

Rusiya gümüş dövrü poeziyasına maraq azalmır ki, artır. Mən daha iki nəşri qeyd etmək istəyirəm. Onlardan birincisi Kamal Abdullanın tərcüməsində təklif olunan "Gümüş dövrün sirləri"dir ki, bu nəfis və miniatür nəşrə rus poeziyasının gümüş dövrünü təmsil edən tanınmış nümayəndələrinin - N.Qumilyov, K.D.Balmont, A.Axmatova, M.Kuzmin, O.Mandelştam və V.Briussovun antik mövzudakı şerləri və onların Azərbaycan dilinə tərcümələri daxil edilmişdir. Məndə elə təəssürat yarandı ki, mütərcim tərcümə elədiyi şerləri uzun müddət içində gəzdirmiş, oradakı xitabları, pafosu özününkünə çevirə bilmiş və bu kitab "Mütərcim" nəşriyyatının Noel Kalefin "Eşafota qalxan lift", Rabindranat Taqorun şerləri və Adam Miskeviçin "Krım sonetləri" kimi uğurlu nəşrləri ilə bir sırada dayanır.

Daha bir nəşr Aleksandr Blok, Sergey Yesenin, Vladimir Mayakovski və Boris Pasternakın bir neçə şeri toplanmış "XX əsr dörd rus şairindən çevirmələr" adlanır. Anarın təqdimatı və mütərcimliyi ilə çap olunan bu miniatür nəşr həm şer seçiminə, həm də tərcümə səviyyəsinə görə yüksəkdir, oricinala yaxındır: "Anarın tərcümə üçün əsər seçimində də içi görünür. Bu şerlərdəki mətləbləri o sanki illərlə yaşayıb..." - bunu isə kitaba ön söz yazmış Arif Əmrahoğlu deyir.

1998-ci ildə çap olunmuş "Latış daynları" şair, tərcüməçi Əcdər Olun 1990-cı ildə çap olunmuş iri həcmli "Latış xalq nağılları"ndan sonrakı ikinci uğurlu işi, həm də öz işinə sadiqliyi baxımından real addımdır. Kitabın üz qabığı və spesifik kəlmələr olmasa, daynları Azərbaycan bayatılarından ayırmaq çətin olar ki, bu da məncə həmkarımızın çox böyük uğurudur. "Şirvannəşr"in çap etdiyi kitabı vərəqləyərkən tərcümələrin səlis və axıcı dili, latış xalq yaradıcılığının azərbaycanlı oxucu düşüncəsi və hissləri üçün özzünə ustalıqla açılan çox dərin və maraqlı qatları müəllifə yalnız minnətdarlıq hissi doğurur.

irvannəşr"in daha iki nəşri - Əlihəsən Şirvanlının tərcüməsindəki Hötenin "Oxu kitabı" və Şillerin "Balladalar, şerlər" topluları haqqında, çox təəssüf ki, yalnız şifahi informasiya ala bildim. Amma mütərcimin adıçəkilən şairlərdən elədiyi tərcümələrin səviyyəsi haqqında ara-sıra olan qəzet publikasiyaları əsasında yalnız xoş söz demək qalır.    

"Mütərcim" nəşriyyatında 1998-ci ildə çap olunan daha bir kitaba-"Krım sonetlərinə" Polşa ədəbiyyatının klassiklərindən Adam Miskeviçin şerləri və "Pan Tadeuş" poeması daxil edilmişdir ki, bu da Sabir Rüstəmxanlının uzunmüddətli və ardıcıl, uğurlu tərcüməçilik fəaliyyətinin nəticəsidir. Miskeviçin poeziyası həm də Şərqlə, Azərbaycanla bağlı olduğundan da əhəmiyyətli və vacibdir.

Haqqında danışacağım sonuncu nəşrlərdən biri "Haykular"dır. Elçinin rus dilindən çevirmələri əsasında 1979-cu ildə nəşr olunmuş "Nərgizin bircə çiçəyi" Hokku toplusunu çıxmaq şərtilə ötən il "Adiloğlu" nəşriyyatı tərəfindən nəfis poliqrafiya ilə çap olunan bu kitab həm yapon şerini Azərbaycan oxucusuna tanıtmaq, həm də oricinaldan yüksək bacarıqla tərcümə edilməsi baxımından diqqətəlayiqdir. Pərviz Məmmədov və Rasim Qaracanın birgə işi olan bu kitaba Matsuo Basyodan başlayaraq, Yamaquçi Seysiyə qədər qırx altı yapon şairinin seçmə şerləri daxil edilmişdir. Şəxsən diqqətlə oxuduğum bu kitab öz zərif vurğu və intonasiyalarının dəqiqliyinə görə diqqətimi cəlb etdi ki, bunu həm qısa şerlərin - o cümlədən, Hayku və Tankanın məziyyəti, həm də qısa şerlərin ustası olan Rasim Qaracanın uğuru hesab etmək olar

Və nəhayət, Cavanşir Yusiflinin "Bədii mətnin sirləri", "Bir söz söylə bu dünyadan olmasın" və "Ədəbiyyatda yaşamağın formulu" kitablarına daxil etdiyi, bir çox dünya ədəbi korifeylərinin ədəbiyyatşünaslıq və ədəbiyyat nəzəriyyəsi ilə bağlı esseləri, proqram çıxışlarını oxucuya təqdim etmək baxımından yeganədir, maraqlıdır və professionallıqla icra olunmuş tərcümə mətnləridir.

Dostlar, təbii ki, həm də çox güman ki, mən nəyisə gözdən qaçırdım, nəyisə demədim, nəyisə deyə bilmədim. Amma bacardığım hər bir şeyi etdim. Bir də unutmayın, mən cəm şəkilçisində təklərdən danışdım. Mən tək idim, dostlar.

2