MÜASİR ƏDƏBİ PROSES VƏ TƏRCÜMƏ PROBLEMİ

 

Müsahibim  Azərbaycan Yazıçılar Birliyinin katibi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, yazıçı Afaq Məsuddur.

 

- Afaq xanım, gələn ay Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçiriləcək. Qurultay  ərəfəsində Birlik barədə fikirlərinizi bilmək istərdim.

- Son illər ədəbi mühitdə belə bir rəy formalaşmaqdadır ki, ümu­miyyətlə, Yazıçılar Birliyi deyilən qurumun bu gün - bazar iqtisadiyyatına keçid dövründə televiziya ilə, mətbuat səhifələrində verilən müsahibələrdə bu qurumun artıq öz əhəmiyyətini, gücünü itirmiş lazımsız bir təşkilat olduğu söylənilib. Mənə isə elə gəlir ki, Birliyin sözün əsl mənasında yaşamağa, öz ədəbi orqanlarını və qələm əhlini yaşatmağa həm haqqı var, həm də kifayət qədər imkanı. Birliyin yaşamaq haqqı barədə uzun-uzadı danışmağa,  elə bilirəm, ehtiyac yoxdur. Heç kim respublikada gedən ümumi ədəbi prosesi nizamlayan, ədəbiyyatımızın gerçək mənzərəsini yaratmağa qadir olan, qələmini, beynini, gənc ədəbi nəsli yetişdirən birliyin zəruriliyini dana bilməz. Bu qurumun varlığını sovet dövrünün ənənələri ilə bağlayaraq bir vaxt kommunist partiyasının ideoloji silahı olduğundan bu gün artıq qüvvəsini itirmiş hesab edənlər də kökündən yanılırlar. Kapi­talizm deyilən sistemin, yaxud hansısa bazar qanununun belə qurumlara təsiri, elə bilirəm, ilk növbədə dövlətin öz mədəniyyətinə olan müna­si­bətindən irəli gəlir.

Məncə, Yazıçılar Birliyini bu gün nəinki dövlətin himayəsində qoru­yub saxlamaq, hal-hazırda mövcud olan mülkiyyətləri və səlahiyyətləri ilə nüfuzlu və varlı təşkilata çevirmək olar.

- Azərbaycan Tərcümə Mərkəzi bu gün respublikada tərcümə ilə məşğul olan yeganə təşkilatdır. Mərkəzin fəaliyyəti, uğurları, çətinlikləri barədə və ümumiyyətlə, tərcümə problemləri ilə bağlı nə deyə bilərsiniz?

- Əvvəllər dünya ilə əlaqəsi Rusiya vasitəsilə olan ölkəmizdə bu gün hər sahədə ortaya ciddi problemlər çıxır. Bu gün müstəqil Azərbaycan bir çox problemlərlə yanaşı, həm də uzun illər iflic vəziyyətində olan nəhəng tərcümə problemi ilə üzbəüz qalıb. Beynəlxalq aləmdə müxtəlif səviyyəli münasibətlərin, işgüzar, mədəni əlaqələrin qurulduğu belə bir məsuliyyətli dövrdə yüksək peşəkar tərcümələrin azlığı, məhdud ixtisaslı (sinxronist, texniki, bədii dil, hüquq, tibb, ev sənayesi və s. ixtisaslar üzrə) tərcüməçi kadrları yetişdirəcək mexanizmin yoxluğu, yüksək səviyyəli tərcümə prob­lemi üzündən arxivlərdə yatıb qalan zəngin ədəbi irsimiz mədəni əlaqələrin inkişafına əsaslı təsir göstərə biləcək. Dünya ədəbiyyatı inciləri kimi məsələlər bu gün öz təcili həllini gözləyir.

Hələ 70-ci illərin sonlarında tərcümə sənətinin inkişafı ilə bağlı Azərbaycan Mərkəzi Komitəsi tərə­findən qərar qəbul edilmişdi, lakin, ölkə rəhbərliyinin tezliklə respub­likamızdan getməsi bu qərarın tam surətdə həyata keçirilməsini ləngitdi. Qərarla əlaqədar istedadlı tərcüməçimiz Azər Mustafazadənin təşəbbüsü ilə o dövrdə bir sıra qiymətli işlər görüldüsə də, müxtəlif maneələr yenə bu problemi əsaslı surətdə həll etməyə imkan vermədi. Nəhayət, uzun illərin mübarizələri, namuslu ədəbiyyatçılarımızın - Elçinin, Anarın, Əkrəm Əylislinin, Vaqif Bayatlı Önərin, mərhum Aydın Məmmədovun inadkar təkidləri nəticəsində 1989-cu ilin mayında Azərbaycan Yazıçılar Birliyi nəzdində Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi yaradıldı. Tərcümə Mərkəzi adlanacaq idarəyə ikimərtəbəli təmirsiz, avadanlıqsız binanın verilməsi və fəaliyyətə başlamaq üçün yardım mənasında cüzi məbləğdə pul vəsaitinin ayrılması, əslində tərcümə və nəşr ilə məşğul olacaq idarənin yaradılması yox, Mərkəzə yığılan əməkdaşların bir-iki il dolanması, bom-boş otaqların avadanlıqla təmiri  üçün idi. 1991-ci ilin iyununda mən Mərkəzə sədr təyin olunanda isə belə məlum oldu ki, həmin ildən başlayaraq təsərrüfat hesabına işləyəcək Tərcümə Mərkəzinə nə Dövlət Mətbuat Komitəsi tərəfindən kağız ayrılıb, nə də işlərini çap etmək üçün nəşr qrifi verilib.

Beləliklə, Mərkəz son illərin faciəli, qarmaqarışıq hadisələri kəsiyində dünyaya vaxtsız gələn şikəst körpə kimi xəstə, baxımsız vəziyyətdə ya nəyin hesabına olur-olsun özünü yaşatmalı, ya da məhv olmalı idi. Yadımdadır, o illər Mərkəzin sədri mərhum Aydın Məmmədov Mərkəzin yaranması ilə bağlı həmin bu natamam qərara əlavələr qəbul etdirmək üçün Prezident Aparatına gedib-gəlməkdən (kağız, nəşriyyat hüququ və s.) yorulurdu. Ədəbi dairələrdə isə Mərkəz haqqında bircə söhbət gedirdi: Mərkəz bu gün-sabah bağlanmalıdır.

Bu gün isə geriyə çönüb Mərkəzin bu faciəli yaranma tarixinə nəzər salanda az-maz da olsa qürrələnməmək olmur. Onlarla dünya ədəbiyyatı nümunələrinin - O.Süleymanovun, Ç.Aytmatovun, M.Svetayevanın, F.Kaf­kanın, P.M.Rilkenin, T.Vulfun, V.Şuşkinin, K.Doylun, Q.Q.Markesin, U.Folknerin, B.Yıldızın və digər dünya şöhrətli ədiblərin əsərlərinin dili­mizə orijinaldan tərcüməsi, nəşri, Azərbaycan ədəbiyyatına ingilis, alman, ərəb, fars, fransız, rus, türk dillərinə tərcümələri dünya ədəbiyyatının ayrı-ayrı görkəmli nümayəndələrinin ədəbi irsinə həsr edilən «Yol» bülletenləri, müasir dünya ədəbi prosesinin mənzərəsini əks etdirən «Xəzər» jurnalımız, ötən ildən nəşrinə başladığımız «Dünya ədəbiyyatı korifeyləri» seriya­sından çap etdiyimiz kitablar, xarici dil öyrənən tələbələr üçün çox lazımlı ikicildli iyirmi min sözlü «İngiliscə-azərbaycanca», «Almanca-rusca-azər­baycanca»  lüğət, «Azərbaycan-ərəbcə ümumişlək sözlər lüğəti», «Azərbay­canca-fransızca danışıq kitabçası», arı-ayrı alman, ingilis, Amerika ədəbiyyatı antologiyaları və s.

- Bəs bu qədər işi Mərkəz hansı vəsait hesabına görür?..

- Öz vəsaitimiz hesabına. Mərkəz öz iş yönümünü bir qədər geniş­ləndirib, təkcə bədii ədəbiyyatla yox, müxtəlif üslublu mətnlərin, sənədlərin, irihəcmli elmi, texniki materialların və digər işlərin tərcüməsi ilə məşğul olaraq özümüzü dolandırmağa başlamışıq.

Dövlət tərəfindən azca qayğı və köməklik olarsa, daha böyük işlər görmək mümkündür. Belə bir Mərkəzin bu gün beləcə öz gücünə saxlanılması respub­likamızda yaranan tərcümə probleminin həllinə aparacaq yol deyil. Adicə yüksək ixtisaslı tərcüməçilərin Mərkəzə toplanması üçün normal maddi təminat lazımdır. Bu gün isə ehtiyac üzündən yüksək ixtisaslı tərcü­məçilərimiz ayrı-ayrı şirkətlərdə, xarici firmalarda başlarını dolandırmaqla məşğuldurlar. Son illər Bakıda keçirilən müxtəlif səpgili forumların, beynəlxalq sim­pozium və tədbirlərin məhdud ixtisaslı tərcüməçilərin olmaması üzündən çətinliklərlə üzləşməsi, xarici kompaniyalarla istənilən səviyyədə münasi­bətlərin qurula bilməməsi, nəhayət, bərbad vəziyyətdə olan bədii tərcümə problemi və digər bu kimi problemlər ortaya təcili həllini gözləyən bir məsələni çıxarır: - respublikada pərakəndə şəkildə gedən tərcümə prosesini dövlət təminatlı vahid bir Mərkəzdə cəmləmək.

- Yeri gəlmişkən, dediyiniz kimi, Yazıçılar Birliyi bütün bu illər ərzində Mərkəzə heç bir maddi köməklik göstərməyibsə, onda aranızda olan münasibətləri necə qiymətləndirirsiniz?

- Yazıçılar Birliyinin bizə yardım göstərə bilməməsi onun özünün bu gün yarımcan vəziyyətdə olmasından irəli gəlir. Bu gün Birlikdən nə isə ummaq ən azı yersiz bir iş olardı. Amma məsələ burasındadır ki, Yazıçılar Birliyinin özünü də nüfuzlu, dövlətli təşkilat etmək mümkündür. Bu gün Birliyin iş yönümünün yerli-dibli dəyişdirilməsinə, bu sakit, süst qurumun çevik, işlək bir idarəyə çevrilməsinə ehtiyac duyulur.

- Afaq xanım, bildiyimiz kimi, Siz öz yaradıcılığınızla yanaşı, həm də bədii tərcümə ilə məşğul olursunuz. Bu işlə Siz Mərkəzin tematik planına görə məşğulsuz, yoxsa öz həvəsinizlə?

- Əlbəttə ki, öz həvəsimlə. Axı tərcümə də yaradıcılıqdır. Yaradıcılıqda isə zor keçmir. Keçən il Mərkəz mənim tərcüməmdə Amerika yazıçısı Tomas Vulfun «Dünyanın hörümçək toru» əsərini nəşr etdi. Bu əsəri mən bir neçə il bundan əvvəl, əsər son dərəcə ürəyimə yatdığı üçün tərcümə eləmişdim, heç bir nəşriyyat tərəfindən nəşr edilmək imkanı olmadığından qovluğun arasındaca yatıb qalırdı. Son tərcüməm isə Qabriel Qarsiya Markisin «Patriarxın payızı» romanıdır.

Düzdür, mən tərcümələri adətən rus dilindən edirəm. Nə qədər kədərli də olsa, hələ ki, orijinaldan yüksək səviyyədə bədii tərcümə ilə məşğul olan tərcüməçilərimiz çox azdır. Axı bədii tərcümənin iki birinci şərti var - dil və mütləq ədəbi istedad.

- Bəs «Xəzər»?

- «Xəzər»in bu ilki yeni nömrəsini yaxın günlərdə satışda görəcəksiniz. Redaksiyaya daxil olan materialların həcmini nəzərə alaraq bu ildən «Xəzər» iri həcmdə, yəni on beş çap vərəqi həcmində nəşr ediləcək. Bu nömrəyə cavan ədiblərin, «Avanqard» ədəbi birliyinə daxil olan gənc şair və yazıçıların əsərləri, dünya ədəbiyyatından seçmələr, yazıçı Elçinlə müsahibə və onun hekayələri, Ramiz Rövşən haqqında yazılar və şairin şeirləri daxil edilib.

- Mərkəzin bu il üçün planları?

- İlk növbədə ötən ildən nəşrinə başladığımız «Dünya ədəbiyyatı korifeyləri» seriyasını davam etdirmək. Bu il bu seriyadan məşhur Amerika yazıçısı, Nobel mükafatı laureatı U.Folknerin külliyatını və C.Sellincerin əsərlərini nəşr etmək niyyətindəyik.

Maddi vəsait imkan verərsə, hazırladığımız bir neçə lüğəti nəşr etmək fikrimiz də var. Bir də əlbəttə ki, antologiyalar. «Alman ədəbiyyatı anto­logiyası» artıq nəşrə hazırdır. İndi Amerika və Böyük Britaniya ədəbiyyatı antologiyaları üzərində iş gedir.Bu işlərlə yanaşı, xarici şirkətlərdən birinin sifarişi ilə bu il bir neçə yazıçının - T.Eliotun, H.İbsenin və V.Skottun əsərlərini orijinaldan dilimizə çevirib kitab şəklində nəşr edəcəyik.

- Müasir ədəbi proses haqqında fikriniz.

- Bilirsiniz, ədəbi prosesi izləmək üçün onun tam mənzərəsini yaradan ədəbi orqanlar olmalıdır. Bu imkan olmadığı üçün ədəbi proses barədə dəqiq fikir söyləmək çox  çətindir. Bəlkə də bu gün ölkəmizin hansı buca­ğındasa, bəlkə qaçqınların sığındığı soyuq, cod çadırlarda ana dilimizdə dünyanın ən böyük şeiri yazılıb?!.. Bu gün ədəbi proses haqqında fikir söyləmək nə qədər çətin olsa da, mənim üçün bir qədər ona görə asandır ki, son illər «Xəzər» jurnalımıza, «Yol» qəzetinə daxil olan materiallar ara-sıra qaranlıq göydə adamı diksindirən nadir ulduz axıncısına bənzər hansısa şeirin, hekayənin, yaxun essenin varlığından xəbər tutmağa imkan yaradır.

«Xəzər»in son saylarında Orxan Fikrətoğlunun, Adil Mirseyidin, Xanəmirin, Pərviz Əzizoğlunun, İbrahim İbrahimlinin, Namiq Dəlidağ­lının və digər istedadlı gənc ədiblərin şeir və hekayələri dərc edilib. 1993-cü ildə şair Adil Mirseyidin şeirlər kitabını da nəşr etmişik. Digər tanınmış yazıçı və şairlər barədə, elə bilirəm, fikir söyləmək elə də vacib deyil. Sadəcə onu demək istərdim ki, Azərbaycan ədəbiyyatı uzun əsrlərdən bəri olduğu kimi, bu gün də zamanın eniş-yoxuşlarına, siyasi-sosial temperatur sıçrayışlarına baxmayaraq öz etiketini qoruyub saxlamaqdadır.

«Xalq qəzeti», 11.03.1997.

 

Almaz Ülvi,

filologiya elmləri namizədi