Prof. Ə.B.Qubatov

Azərbaycan Dillər Universiteti

 

Bədii tərcümə sənəti və tərcüməçi

 

            Milli mədəniyyətlərdən hər hansı biri təkcə öz çeşmələrindən deyil, həm də başqa xalqların mənəvi sərvətindən faydalanır və öz növbəsində, onlara müsbət təsir göstərir, onları zənginləşdirir. Xalqların mənəvi sərvətlərinin gözəl üzvi vəhdətini yaratmaqda bədii tərcümə sənəti olduqca böyük rol oynayır. Təsadüfi deyil ki, tərcüməçiləri xalqlar arasında körpüsalanlar adlandırırıq.

            Tərcüməçi və tərcümə nəzəriyyəçisi Y. Ryaşentsev «Ən yaxşı tərcümə nədir?» sualına belə cavab vermişdir: «Əgər ikinci dildə yaradılan əsər orijinalın oyatdığı təəssürata maksimum dərəcədə yaxın təsir oyada bilirsə, onu ideal tərcümə hesab etmək olar».

            Bədii tərcümə sahəsində realist tərcümə məktəbinin on illərdən bəri davam edib gəlmiş çox qiymətli təcrübəyə və mütərəqqi klassik ənənələrə əsaslanan qənaəti bundan ibarətdir ki, tərcümə orijinalın məzmunu ilə forması, ruhu ilə hərfi arasındakı dialektik vəhdəti qoruyub saxlamalı, müqabil dilin leksik, sintaktik, üslubi imkanlarını, təsvir və ifadə vasitələrinin əsasında oxuculara çatdırmalıdır.

            Onu da qeyd etməyə dəyər ki, biz uzun müddət dünya ədəbiyyatını, xüsusən Avropa klassiklərini rus dilindən tərcümə edirdik, indi isə ümumi mədəni yüksəlişimizi göstərən amillərdən biri də budur ki, Avropa və bir sıra başqa xalqların ən yaxşı elmi və ədəbi əsərlərini orijinaldan tərcümə edən mütəxəssislərimiz yetişmişdir. Çərkəz Qurbanlı, Vilayət Hacıyev, Sabir Mustafa, Əlihəsən Şirvanlı, Yusif Savalan, Həmid Arzulu və digər ziyalılarımızın müvəffəqiyyətləri tərcümələrini sırf Azərbaycan ədəbi dilində, ana dilinin bədii vasitələrinə, gözəlliyinə əsaslanaraq etməsindədir, orijinalın bədii gözəlliyini duyub bədii obrazları bacarıqla tərcümə etməsindədir. Məhz belə tərcümələr milli ədəbiyatı zənginləşdirə bilər.

            Tərcümə etdiyi dilin incəliklərinə bələd olmaqdan başqa, mütərcim həm də orijinalın məxsus olduğu xalqın məişətini, əxlaqını, adət-ənənələrini, həyat tərzini yaxşı bilməlidir. Yalnız belə olduqda o, xalq həyatının lövhələrini deyil, xalqın fikir, düşüncə tərzini də tərcümədə əks etdirə bilər.

            Əlbəttə, bədii əsər tərcümə edən şəxs önündəki sənətkarın duyğu və həyəcanlarını həssaslıqla qavramalı, onları yaşamağı bacarmalı, obrazlı ifadələrinin mahiyyətindəki zərifliyi almaq, müqabil dildə yaratmaq istedadına malik olmalıdır.

            Tərcümə mexaniki iş deyil, yaradıcılıqdır. Tərcüməçi gərək bədii gözəlliyi dərindən duyan olsun, ürəyinin qanını, hərarətini, ehtiraslarının gücünü, fikrinin işığını tərcümənin yaxşı çıxmasına həsr etsin. Bu baxımdan Haynrix Haynenin qiymətli bir fikri yada düşür: «Orijinalın hərfini, hətta dəqiq fikrini qrammatikanı öyrənib söz ehtiyatına malik olan hər kəs tərcümədə verə bilər. Lakin əsərin ruhunu tərcümə etmək hər adamın işi deyil». Böyük sənətkarın yüz il əvvəl söylədiyi fikir bu gün də öz əhəmiyyətini itirməmişdir.