Tərcümə dillərarası ünsiyyət vasitəsi olduğu halda onun reallaşmasında qeyri-dil ünsiyyət vasitələrinin rolu nədən ibarət ola bilər? Bu sualın cavabı ilk növbədə, qeyri-verbal ünsiyyətin mahiyyəti ilə bağlı məsələləri nəzərdən keçirməyi zəruri edir.
Qeyri-verbal ünsiyyət dedikdə biz fikirlərimizi, emosiya və hisslərimizi dil işarələri (sözlər) olmadan müxtəlif yollarla ötürməyi (göndərməyi və qəbul etməyi) nəzərdə tuturuq. Belə ünsiyyət ixtiyari və ya qeyri-ixtiyari ola bilər. Əksər hallarda qeyri-dil ünsiyyət vasitələrini insanın beş duyğu üzvünə uyğun olaraq təsnif edirlər. Buraya əsasən, toxunma, baxışlar, göz əlaqəsi, jestlər, üzdəki ifadələr, geyim, zahiri görünüş, duruş, iy, səslər (paralinqvistik vasitələr) daxil edilir. Çox vaxt söz seçimi və sintaksis, səsin tonu, alçaq və ya yüksəkliyi, intonasiya da qeyri-verbal ünsiyyətin tərkib hissəsi sayılır. Kanadalı alim Əhməd Ə. Xan özünün «Qeyri-verbal ünsiyyət: fakt və fiksiya» adlı məqaləsində bunlara telepatiyanı da əlavə edərək fikrini belə bir arqumentlə əsaslandırır: “We have learned, through scientific experimentation, that all mental processes, in both humans and animals, are accompanied by the production of a complex pattern of minute electric currents. Each mental process is associated with its own individual pattern of electric fluctuation. Experimenters have been able to record them. It was also discovered that by relaying back these electric currents, it is possible to recreate in the mind of the recipient the mental process associated with a particular set of patterns. The effectiveness of this method has been spectacularly demonstrated by Dr. Jose Delgado, who using equipment to relay minute electric currents, was able to control a bull charging at him in the ring. This method, when developed for human use, could be called artificial telepathy and it would come under the heading of extra-lingual transfer of information between entities, and so would classify as a means of non-verbal communication” (website, 1). («Biz elmi təcrübə yolu ilə öyrənmişik ki, həm insanlarda, həm də heyvanlarda bütün əqli proseslər xırda elektrik cərəyanlarından ibarət mürəkkəb modelin yaranması ilə müşayiət olunur. Hər bir əqli proses özünün fərdi elektrik dəyişmələrindən ibarət modeli ilə bağlıdır. Təcrübəçilər bunu qeydə almağa müvəffəq olmuşlar. Bu elektrik cərəyanlarını geriyə translyasiya etməklə informasiyanı qəbul edənin beynində müəyyən modellərlə bağlı əqli prosesi yenidən yaratmağın mümkünlüyü də aşkar edilmişdir. Bu metodun inandırıcı olmasını doktor Couz Delqado xırda elektrik cərəyanlarını geriyə translyasiya edən cihazdan istifadə edərək meydanda üstünə gələn öküzü nəzarət altında saxlamaqla sübut etmişdir. Bu metod insan istifadəsi üçün inkişaf etdirilsəydi, süni telepatiya adlandırılardı və bu, varlıqlar arasında məlumatın qeyri-dil vasitəsilə ötürülməsinə aid edilərdi, beləliklə də qeyri-verbal ünsiyyət kimi təsnif olunardı.»)
Qeyri-verbal ünsiyyət haqqında nəzəri mənbələrdə maraqlı mülahizələr çoxdur. İlk dəfə qeyri-dil ünsiyyət 1872-ci ildə nəzəri planda Çarlz Darvinin «İnsanda və heyvanlarda emosiyaların ifadəsi» adlı əsərində tədqiqata cəlb edilmiş, o dövrdən bəri dilçilərin, antropoloqların, bioloqların, psixoloqların, psixiatrların, yazıçıların və bir sıra digər peşə sahiblərinin marağına səbəb olmuşdur. İlk onilliyini yaşadığımız və ünsiyyətin getdikcə daha mürəkkəb şəkil aldığı 21-ci əsrdə isə qeyri-verbal ünsiyyət vasitələrinin öyrənilməsi daha geniş mahiyyət kəsb edir. Ayrı-ayrı araşdırmaların nəticələri göstərir ki, sözlü ünsiyyət bütövlükdə ünsiyyətin yalnız cüzi bir hissəsini təşkil edir. İnternet səhifələrindən əldə etdiyimiz son məlumatlardan aydın olur ki, biz fikirlərimizin yalnız 7%-ni dil vasitəsilə, yerdə qalan 93%-ni isə qeyri-verbal ünsiyyət vasitələrinin köməyilə çatdırırıq. Ayrı-ayrı tədqiqatçıların hesablamaları bu nisbəti yalnız bir neçə faiz fərqli şəkildə əks etdirir: According to Kramer, "94% of our communication is nonverbal, Jerry" (Seinfeld, January 29, 1998). Kramer's estimate (like the statistics of anthropologist Ray Birdwhistell [65%; Knapp 1972]… (website, 2). (Kramerə görə ünsiyyətimizin 94%-i qeyri-verbaldır, antropoloq Rey Böduestelə görə isə bu göstərici 65%-dir). Lakin son nəticədə qeyri-dil ünsiyyət vasitələrinin həyatımızda bəzən tez nəzərəçarpan, bəzənsə təbii hal kimi qəbul edilən əhəmiyyəti danılmaz olaraq ortaya çıxır. Heç təsadüfi deyil ki, yüksək səviyyədə keçirilən işgüzar danışıqlara, təqdimatlara, görüşlərə və işə götürən zaman aparılan müsahibələrə hazırlıqdan bəhs edən tövsiyyələr məhz qeyri-verbal ünsiyyəti ön plana çəkir. Məsələn, Fred Luthans özünün «Təşkilati davranış» adlı əsərində bədən hərəkətlərinin müxtəlif mənaları və fikirləri ötürməsindən, üzdəki ifadələrin və duruşun əhəmiyyətindən bəhs edir və bunların yaxşı satıcı, reklam müəllifi və hətta kart oyunçusu tərəfindən məharətlə istifadə olunduğunu bildirir: “There are many forms of non-verbal communication. Probably the most widely recognized is body language. Body movements convey meanings and messages. This includes facial expressions and what people do with their eyes, feet, hands, and posture. For example, good salespeople, advertisers, and even poker players capitalize on their knowledge of people’s eyes” (Luthans, 3, 474). («Qeyri-verbal ünsiyyətin bir çox formaları mövcuddur. Yəqin ki, ən geniş təşəkkül tapmışı bədən dilidir. Bədən hərəkətləri mənaları və fikirləri çatdırır. Bunlara üzdəki ifadələr və insanların gözləri, ayaqları və duruşları ilə elədikləri daxildir. Məsələn, yaxşı satıcılar, reklamçılar və hətta poker oyunçuları adamların gözləri haqqında bildiklərinin köməyilə kapital qazanırlar.») O, Con Molloyun «Uğur naminə geiym» adlı əsərinə istinad edərək geyimin uğur qazanmaqda rolunu da xatırladır: “Even a person’s clothing can become important in body language. For example, in his best-selling book Dress for Success, John Molloy points out: “The most authoritative pattern is the pinstripe, followed in descending order by the solid, the chalk stripe and the plaid. If you need to be more authoritative, stick with dark pinstripes” (Luthans, 3, 475). («Hətta insanların geyimi də bədən dilində mühüm ola bilər. Məsələn, Con Molloy özünün geniş oxucu kütləsi qazanmış «Uğur naminə geyim» adlı kitabında qeyd edir: «Ən hökmlü naxış xırda sızıqlardır, onun ardınca əhəmiyyətinə görə getdikcə azalan sıra ilə qalın ağ zolaqlar və şodlantka (iri xanalı parça) gəlir. Əgər sənə daha hökmlı olmaq lazımdırsa, tündrəngli nazik cızıqlardan əl çəkmə»). Bədii ədəbiyyatda da qeyri-verbal ünsiyyətlə bağlı məsləhətlərə heç də az təsadüf olunmur. Ceyms Kleyvelin «Gəlmə» adlı əsərində tərcüməçi öz atasının diplomatik görüşlər haqqında dediklərini tez-tez xatırlayır: “In any meeting, always watch your opponent’s hands and feet, they are the giveaways, eyes too and faces, yes, but those are usually easily controlled. Concentrate! Observe, but cautiously, or the clues to tell you what he or she is really thinking will be obscured. Remember, my son, everyone exaggerates, everyone lies in some degree” (Clavell, 5, 480) («Həmişə istənilən görüşdə tərəfdaşının əllərinə, ayaqlarına fikir ver, bunlar həmişə adamı ələ verir, gözləri də, üzləri də belədir, lakin onları asanlıqla nəzarətdə saxlamaq olur. Fikrini cəmlə! Fikir ver, ancaq ehtiyatla, əks təqdirdə həmin şəxsin əslində nə düşündüyünü sənə deyən əlamətlər pərdələnəcək. Yadında saxla, oğlum, hamı məsələni böyüdür, hamı müəyyən dərəcədə yalan danışır»). Qeyri-verbal ünsiyyətə aid gündəlik həyatımızdan kifayət qədər nümunələr gətirmək olar: dost və yaxınlarımıza bağışladığımız gül-çiçək dəstələri, hətta güllərin rəngi və sayı, taxdığımız qiymətli bəzək əşyaları, istifadə etdiyimiz ətirlər, geydiyimiz libasımız bizim zövqümüz, həyat tərzimiz, sosial mənsubiyyətimiz, hiss və duyğularımız, fikirlərimiz və s. haqqında müəyyən məlumat daşıyır. Olimpiadaların simvolları, həmin olimpiadalarda qalib idmançının şərəfinə onun ölkəsinin bayrağının qaldırılması və himninin çalınmasının insanlarda nə təəssürat oyatması hamıya məlumdur. Qeyri-verbal ünsiyyət vasitələrinin tarixi rolunu Qobustan qayalıqlarındakı rəsmlərin qədim əcdadlarımızın bizdə öz həyat tərzləri barədə yaratdıqları təsəvvürün mahiyyəti də təsdiq edir.
Göründüyü kimi, qeyri-verbal ünsiyyət dillə ifadə olunanları qüvvətləndirməyə, konkretləşdirməyə, tamamlamağa, digər yollarla təkrarlamağa, istiqamətləndirməyə, bəzən isə əvəz etməyə xidmət göstərir. Məhz qeyri-verbal ünsiyyətin yuxarıda sadalanan funksiyaları tərcümə prosesində onun nəzərə alınmasını zəruri edir. Tərcümə prosesində iştirak edən nitqin növündən asılı olaraq kontekst və tələblər fərqləndiyindən, nəticədə qeyri-verbal ünsiyyətin tərcümənin növündən asılı olaraq iştirakı və rolu fərqləndiyindən məsələni konkret surətdə şifahi və yazılı tərcüməyə aid misallar əsasında araşdırmaq əlverişli olar.
Məsələn, yazılı nitqdə tərcüməçini qeyri-verbal vasitələrdən əsasən müəyyən işarələri, o cümlədən durğu işarələrini çözmək maraqlandırırsa, şifahi tərcümədə bu məsələ daha mürəkkəb və əhatəli xarakter alır. Əvvəla, ardıcıl tərcümə ilə məşğul olan mütəxəssis prosesdə müəyyən qeydlər götürür, bu zaman əslində öz-özlüyündə işarələr olan rəqəmlər və hərflərdən başqa, vaxta qənaət məqsədilə müxtəlif sadə rəsmlərdən, həndəsi fiqurlardan, riyazi, kimyəvi işarələrdən, müxtəlif istiqamətli xətlərdən, oxlardan istifadə etməklə öz işini asanlaşdırmağa çalışır. Məhz bu işarələrin arxasında hansı fikirlərin durduğunu xatırlamaqla, tərcüməçi bütöv bir fikri yazıda hərfbəhərf ifadə etməkdən yaxa qurtarmış olur. Səsin tonu vasitəsilə fikrin «+» və ya «-» məna kəsb etdiyini daha asan duymaq olar. Üzdəki ifadələr söylənilən fikrin bəyənilib-bəyənilməməsini tutmağa kömək edir. Başla bildirilən işarə, üzdəki ifadə eyni zamanda, tərcüməçiyə öz işinə nə vaxt başlamağı və ya nə vaxt dayanmağı hiss etdirə bilər. Məruzəçinin bir neçə cümləni dedikdən sonra susması da tərcüməçiyə «İndi tərcümə edə bilərsən» fikrini çatdırmağa xidmət edir. Məlumatı qəbul edənlə ötürənin arasında müəyyən anlaşılmazlıq olduqda da bunu qeyri-verbal vasitələrlə daha tez duymaq və əgər səhv tərcüməçinin səhlənkarlığı, ani diqqətsizliyi ucbatındandırsa, bunu asanlıqla yoluna qoymaq olar. Tərcüməçiyə ayrı-ayrı ölkələrdə fərqli münasibət göstərildiyini nəzərə alsaq, onun iş zamanı necə oturub-durmasının (məsələn, ardıcıl tərcümədə tərcüməçinin məruzəçiyə yaxın yerdə oturması və ya durması), nə geyməsinin (məsələn, ala-bəzək, rəngbərəng geyim ciddi danışıqlar zamanı fikrin yayınmasına səbəb ola bilər) da əhəmiyyət daşıdığını görərik. Məsələn, bəzən xarici nümayəndələr tərcümə xidmətindən istifadə edən mötəbər şəxsin qonaqlarla yanaşı tərcüməçi ilə də əl tutub salamlaşmasına diqqət yetirir, bu, subyektiv münasibət olsa da, bəzən tərcüməçiyə diqqət və etimad kimi qiymətləndirilə bilər, eyni zamanda, onu öz işini ən yüksək səviyyədə görməyə ruhlandıra və mənəvi məsuliyyətini daha da artıra bilər. Bəzən uzun çəkən görüşlər zamanı adi jestlər, məsələn, xarici nümayəndələri qəbul edən yüksək mənsəb sahibinin saatına baxması, qeyd dəftərçəsini örtməsi və ya qarşısında olan digər əşyaları (məs, çay stəkanını) özündən bir qədər də uzaqlaşdırması görüşün tezliklə yekunlaşacağına qeyri-iradi bir işarə ola bilər və yorğun tərcüməçini öz işini başa çatdırmaq üçün tükənməkdə olan qüvvəsini səfərbər etməyə ruhlandırar. Tərcüməçinin özünün istifadə etdiyi qeyri-verbal vasitələr də tərcümə prosesinə müəyyən dərəcədə yardımçı ola bilər: məsələn, sinxron tərcümə zamanı cihazlarda (mikrofonda, qulaqcıqlarda) baş verən nasazlığı işin gedişində bildirmək üçün tərcüməçi texniki işçilərlə jestlər və əl hərəkətləri vasitəsilə əlaqə saxlaya bilər. Bəzən ardıcıl tərcümə zamanı hansısa anlayışın, terminin tərcümə dilində ifadə edilməsində çətinlik çəkən tərcüməçiyə onu dinləyənlər əməkdaşlıq əlaməti olaraq əl tutur. Köməyə ehtiyacı dinləyicilər heç dilmanc ağzını açmamışdan onun üzündəki, xüsusən gözlərindəki axtarış həyacanı ifadə edən baxışdan duyurlar. Bəzən xarici nümayəndələrlə onların mənsub olduqları mədəniyyətin xırdalıqlarını bilmədən hansı məsafədə durub danışmağın məqbul sayıldığını ayırd etmək çətindir. Belə ki, konfrans, seminar və digər görüşlərdə istifadə olunan müxtəlif texniki vasitələr, əyani vəsaitlər, kompyüter proqramlarının köməyilə yaradılmış slaydların, rəsmlərin, əşyaların nümayiş etdirilməsi də tərcüməçinin deyilən fikri daha tez tutmasına imkan yaradır. Qeyd etmək lazımdır ki, bu zaman əyani məlumatı nəzərdən keçirməyə çox da aludə olmaq və bununla da arxasını dinləyicilərə çevirib tərcümə etmək də məqbul sayılmır və ya daim başı aşağı salıb qeydləri oxumaq da işə yaramır. Çünki tərcüməçi ardıcıl tərcümənin gedişində gözlə əlaqədən də bir ünsiyyət vasitəsi kimi istifadə etməlidir. Yuxarıda qeyd etdiyimiz rəsmlərin, qrafiklərin və digər təsvirlərin yazılı tərcümədə də fikri konkretləşdirməkdə böyük əhəmiyyəti olur. Onları nəzərdən keçirməklə tərcüməçi müəyyən anlayışlar haqqında əyani təsəvvür əldə edir. Şer tərcüməsi zamanı sözlərin mənası ilə yanaşı, qafiyələr, heca düzümü, söz sırası, səslərin təqlidi və s. özündə müəyyən yük daşıdığından tərcüməçi üçün bunlar qeyri-verbal ünsiyyət vasitələri kimi mühüm əhəmiyyət kəsb edir. Bir çox hallarda bu vasitələrin sayəsində şairlər öz oxucularında bəhs etdikləri mövzu ilə əlaqədar müəyyən əyani təsəvvür yaratmağa müvəffəq olurlar. Tərcüməçi bunu mütləq duymalıdır, orijinal mətnin arxitektonikası nəzərə alınmalıdır. Dram əsərlərinin tərcüməçiləri də məhz personajların hərəkətlərini, hansı məqamda hansı jestlərdən istifadə edəcəyini tərcümə prosesində öz xəyalında canlandıra bilməlidir. Dublyaj tərcüməsi də məhz hərəkətlərlə, jestlərlə, üzdəki ifadələrlə tərcümə olunmuş mətnin uyğunlaşdırılmasını tələb edir.
Beləliklə, yuxarıda qeyd olunduğu kimi, qeyri-verbal ünsiyyətin fikri konkretləşdirmək, təsdiq və ya inkar etmək, istiqamətləndirmək, onu bir daha əyani olaraq təkrar etmək və ya əvəz etmək kimi dilə yardımçı funksiyalarını nəzərə alsaq, tərcüməçi səriştəsi üçün tərcüməçinin işçi dilləri, tərcümə etdiyi sahəni və tərcümə texnikasını mükəmməl bilməsilə yanaşı, bir sıra zəruri vərdiş və bacarıqları, o cümlədən işin sürətli və keyfiyyətli olması üçün qeyri-verbal ünsiyyəti anlamaq bacarığını mənimsəməsinin də zəruri olduğunu görərik.
1. Ahmad A.Khan. “Non-verbal Communication: Fact and Fiction” - www.strangehorizon.com/2001/20010226/non-verbal.shtm/ <http://www.strangehorizon.com/2001/20010226/non-verbal.shtm/>
2. Non-verbal Communication - members.ad.com/nonverbal2/nvcom/htm
3. Luthans, Fred. “Organizational Behavior”, McGraw-Hill, Inc., USA, 1992, p.p.474-475
4. Clavell, James. GAI-JIN, A Dell Book, New York, 1993, P.480