Sergey Yesenin.

“Əlvida, ey Bakı”

Azərbaycan dilinə 7 tərcümə variantı

 

Сергей Есенин

Прощай Баку

 

Прощай, Баку! Тебя я не увижу.

Теперь в душе печаль, теперь в душе испуг.

И сердце под рукой теперь, больней и ближе,

И чувствую сильней простое слово: друг.

 

Прощай, Баку! Синь тюркская, прощай!

Хладеет кровь, ослабевают силы.

Но донесу, как счастье, до могилы

И волны Каспия, и балаханский май.

 

Прощай, Баку! Прощай, как песнь простая!

В последний раз я друга обниму…

Чтоб голова его, кА роза золотая,

Кивала нежно мне в сиреневом дыму.

 

 

1. Ələkbər Ziyatayın tərcüməsi (1955):

 

Əziz Bakı, əlvida! Son görüşdür, əlvida.

Bir həyəcan, bir kədər könlümü etmiş vətən.

Ürəyim narahatdır bu ayrılıq çagında,

Adi dostluq sözünü hiss edirəm dərindən.

 

Ey Azər övladının yurd-yuvası, əlvida!

Damarımda qan donur, gücdən düşür qollarım.

Ən xoş anlarım kimi çıxmaz yadımdan amma,

Xəzər dalgalarıyla, Balaxanı baharı.

 

Salamat qal, ey Bakı! Sən sadə bir nəgməsən,

Son dəfə öz dostumu qoy bagrıma basım, qoy!

İstərəm yasəməni tüstülərin içindən

Qızıl gül tək başını üzümə tərpətsin o!

 

2. Rəfiq Zəkanın tərcüməsi (1964):

 

Əlvida, ey Bakı, vəfalı şəhər!

Səni mən bir də görmədim bəlkə!

Qəlbim eşqinlə çırpınar, döyünər,

Ey mənə mehriban olan ölkə!

 

Əlvida, ey Bakı, günəşli şəhər!

Ey şüalandıran fikirlərimi!

Mənə ilham verən səmavi Xəzər –

Məni tərk eyləməz məzara kimi!

 

Əlvida, ey Bakı, gözəl mahnı!

Susuram, səndən ayrılarkən mən.

Bir qızıl gül tək əy qızıl başını,

“Əıvida! Əıvida!” deyək sən, mən...

 

3. Əhməd Cəmilin tərcüməsi (1974):

 

Əlvida Bakı! Daha çətin bir də görüşək...

İgid könlümə dolan qorxudur, qəm-qüssədir.

İndi əlimin altda daha bərk sancır ürək,

İndi daha dərindən duyuram ki, dost nədir.

 

Əlvida Bakı! Ey Şərq üfüqləri, əlvida!

İnan, qanım soyusa, taqətdən düşsəm də mən.

Aparram, gedəcək mənimlə ta qəbrəcən

Balaxanı mayı da, Xəzər dalgaları da.

 

Əlvida! Salamat qal nəgməli könül kimi!

Qoy mən son dəfə öpüm barı dostu, yoldaşı...

Bənövşəyi tüstüdə əyilsin qoy gül kimi

Dostun ugur diləyən, “yaxşı yol!” deyən başı.

 

4. Əliağa Kürçaylının tərcüməsi (1975):

 

Əlvida, Bakı! Səni  mən bir daha görmərəm.

İndi mənim qəlbimdə kədər, qorxu  səsi var.

Ürəyim daha  yaxın, xəstəhal vurur  bu dəm,

Daha  möhkəm duyuram-sadə dost  kəlməsi  var.

 

Əlvida, Bakı! Mavi türk səması, əlvida!

Qüvvədən  düşürəm  mən,  damarımda  donur qan.

Mən bir səadət  kimi apararam məzaracan

Balaxanı mayını, Xəzər dalğasını da.

 

Əlvida, Bakı! Sadə nəğmə kimi əlvida!

Son  dəfədir sıxıram sinəmə dostumu mən...

Onun  başı qoy qızılgül kimi bu son anda

Yellənsin vida deyə yasəmənlər  içindən.

 

 

5. Knyaz Aslanın tərcüməsi (2006)

 

Əlvida, ey Bakı! Ayrılaq gərək.

Kədər var, qorxu var qəlbimdə indi.

Əlimin altında ağrıyır ürək,

Dostu qoyub getmək yaman çətindi.

 

Əlvida, ey Bakı! Ey türk səması!

Tükənir qüvvətim, buzlayır qanım.

Mənimlə məzara gedir, inanın,

Balaxanı mayı, Xəzər dalğası.

 

Əlvida, ey Bakı! Sadə nəğmə tək!

Son dəfə dostyana qoy qucum səni…

Qoy qızıl gülləri yelləsin külək,

Yasəmən baş əyib ötürsün məni.

  

 

6. Firuz Mustafanın tərcüməsi

 

Səni görməyəcəyəm, əlvida, Bakı!

Qəlbimi sarıbdı kədər, qüssə-qəm.

Ürəyim köksündən çıxacaq sanki,

Dostumsan-bu sözlər çıxır dilimdən.

 

Əlvida, türk göyü-əlvida Bakı!

Ürəyim sonuncu anları sayır.

Qəbrəcən könlümdə qalacaq bil ki,

Xəzər ləpələri, Balaxan mayı.

 

Nəğmə tək, əlvida! Əlvida, Bakı!

Öpürəm mən gözü yaşlı dostumu.

Yasəmən tozunda qızılgül kimi

Əyilir köksümə başı dostumun.

                   
 

7. İsaxan İsaxanlının tərcüməsi (2009)

 

Əlvida Bakı! Bir də görməyəcəm səni, əlvida!

Açılmayır yenə könlüm, duyub hicran havasını.

Bax necə şiddətlə vurur əlimin altında ürək,

Yalnız indi anlayıram dost sözünün mənasını.

 

Əlvida, Bakı! Sən ey mavi türk səması, əlvida!

Damarımda donur qanım, tükənir bax gücüm mənim.

Ən xoşbəxt anlarım kimi apararam məzara,

Balaxanı «1 may»ını, bir də dalğasın Xəzərin.

 

Əlvida Bakı! Sadə, həzin bir nəğmə tək, əlvida!

Qoy son dəfə qucaqlayım, silim dostun göz yaşını.

Yasəməni tüstülərin içindən bir qızıl gül tək,

“Yaxşı yol” diləsin mənə, tərpədərək o başını.